Kateqoriyasız

Sevincin Kədəri…

hajiinfo

Bilirsinizmi… Tarixdə elə şəxsiyyətlər var ki, onların sevinc günləri belə insanın qəlbinə bir kədər toxundurur…

Elə bir sevinc ki, gülümsəyərkən gözlər yaşarır…
Elə bir mövlud ki, ürək həm təbrik edir, həm də matəm tutur…

Bu qəbildən olan şəxsiyyətlərin başında İmam Hüseyn (ə), Kərbəla şəhidləri və bu silsilənin davamı olaraq İmam Səccad (ə) dayanır…

Bəlkə də bu Allahın bir hikmətidir ki, İmam Hüseyn (ə), Həzrət Əbülfəzl Abbas (ə)
və İmam Səccadın (ə) mövludları
ard-arda üç günə təsadüf edir. Üç gün… Üç ağır talenin, üç böyük müsibətin, üç uca ruhun günü…

Axı necə ola bilər ki, ömrünü dua, qəm və göz yaşı ilə keçirmiş,
bəlkə də dünyanın ən böyük müsibətlərini yaşamış
bir insanın mövludu gəlsin və qəlbimizə kədər çökməsin?

İmam Səccadın (ə) adı çəkiləndə ilk olaraq nə yada düşür? O məşhur cavab, “Niyə bu qədər ağlayırsan?” deyənlərə verdiyi o cavab.

Deyirdi ki: “Yəqub peyğəmbər (ə) on iki övladından yalnız birini itirdi deyə bir ömür ağladı və gözləri tutuldu, amma mən… Öz gözlərimlə atamı, qardaşlarımı, əmilərimi,
insanlığın ən üstün şəxsiyyətlərini
bir-bir şəhid edilmiş gördüm! Necə ağlamayım?”

Bu söz… Bu söz insanın içini parça-parça edir…

Bəli… Bu gün mənə görə dünyanın ən səbirli insanının, ən şücaətli ruh sahibinin mövlududur…

Həmişə belə düşünmüşəm; İmam Səccadın (ə) Kərbəlada yaşadıqları
orada şəhid olanların çəkdiklərindən
bəlkə də qat-qat ağır idu. Bir anlıq düşünün: Qeyrətin zirvəsində dayanmış bir insan.. Gözlərinin qarşısında nələr olur?! Amma Allah belə istədiyi üçün hər birinə səbr edir, bütün çətinliyə dözür. Bir anlıq özümüzü onun yerinə qoyaq. Əsir karvanında… Yandırılmış xeymələrin içində… Ana, bacı, yaxınlarımızın halını görə-görə… Biz nə edərdik?!

Elə bu sualı düşünəndə anlayırıq ki,
İmam Səccad (ə) Allaha görə səbrin zirvəsində dayanıb.

Bu gün həm də
Səhifeyi-Səccadiyyə günüdür 

Əzizlər, bu həyatda özünüz üçün edə biləcəyiniz ən böyük yaxşılıqlardan biri budur: Səhifeyi-Səccadiyyəni
öz dilimizdə tərcümədə tapmaq, kitab halında və ya telefonumuza PDF olaraq yükləmək və hər gün sadəcə bir duanın tərcüməsini oxumaq.

Oxumayanlar elə düşünür ki,
bu kitab adi gündəlik dualardır. Xeyr. Əsla və qətiyyən. Bu dualar insanın ruhunu silkələyir, İnsanı özünə qaytarır. Mən sizə yalnız bir şeyə zəmanət verə bilərəm: Əgər oxusanız, nə qədər sıxıntıda olsanız belə həyatınız tədricən dəyişəcək və yaxşıya doğru gedəcək… 

Allah bu kədərli sevinc gününüzü mübarək etsin! İmam Səccadın (ə) mövludu hamımıza mübarək olsun! Allah qəlblərimizə onun səbrindən, dilimizə onun dualarından, ömrümüzə onun nurundan nəsib etsin…

Sakit Məna
Təhlil şöbəsi

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha