GÖR NƏ GÜNLƏRƏ QALDIQ!!!
Siyasi məhbusların taleyi ilə alver edilməsinə belə sevinirik!
Rauf Mirqədirov yazır:
Üzərindən aparılan alveri artıq adi hal kimi qəbul etməyə başlamışıq. Təkcə qəbul etmirik — bəzən hətta buna sevinir, bunu “uğurlu diplomatiya” kimi təqdim edirik. Nə qədər acınacaqlı mənzərədir…
Qoy alver olsun! Qoy İlham Əliyevdən istədiklərini alsınlar! Amma heç olmasa, illərlə həbsdə çürüdülən o günahsız insanları da unutmasınlar. Dedim, günahsızdırlar?! Yox, səhv etdim… Bu hakimiyyətin nəzərində onların “ən böyük günahı” Azad Azərbaycanın AZAD VƏTƏNDAŞLARI olmaq istəmələridir.
Bu günkü Azərbaycanda azad düşünmək, fərqli fikir söyləmək, qorxmadan danışmaq oğurluqdan da, korrupsiyadan da, hətta qatillikdən də daha ağır “cinayət” sayılır. Çünki azad insan avtoritar rejim üçün ən böyük təhlükədir.
Bu gün müxtəlif yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyahılarında Azərbaycanda təxminən 400-ə yaxın siyasi məhbusun olduğu göstərilir. Jurnalistlər, hüquq müdafiəçiləri, ictimai fəallar, müxalifətçilər, dindarlar, blogerlər — fərqi yoxdur. Hakimiyyət üçün əsas məsələ onların nə etməsi deyil, itaət etməməsidir.
Amma hər şeyin bir əvvəli olduğu kimi, bir sonu da olur. Heç bir hakimiyyət əbədi deyil. Bu iqtidarın da bir gün sonu gələcək. Mütləq gələcək! Tarix bunu dəfələrlə sübut edib. Qorxu üzərində qurulan sistemlər gec-tez öz ağırlığının altında çökür.
İndi isə heç olmasa, bu siyasi alverin hesabına məsləkdaşlarımızın, silahdaşlarımızın azadlığa çıxmasına nail olsunlar. İnsanların azadlığı bazarlıq predmetinə çevrilməməlidir. Amma bu mərhələyə gəlib çıxmışıqsa, heç olmasa o zindan qapıları bir qədər açılsın…
Hal-hazırda Almaniyada mühacirət həyatı yaşayan, uzun illər “Ayna-Zerkalo” qəzetində bir yerdə çalışdığımız Cəsur Məmmədovla söhbətimizdə məhz bu ağrılı və vicdan yaralayan mövzuya toxunduq…
22 may 2026-cı il
Fərqli baxış

