İran

Ərəfə fürsətindən istifadə edək…

hajiinfo

Ərəfə fürsətindən istifadə edək…

Ərəfə elə bir gündür ki, Məsumun (əleyhissalam) rəvayətinə görə, həmin gündə “Rəbbin hüzurunda günahları etiraf etmək üçün fürsət yaranır”. Bu rəvayəti Şəhid Rəhbər Həzrət Ayətullah Xamenei çıxışlarının birində Ərəfə gününün fəziləti haqqında nəql etmişdir. O, hər zaman öz tövsiyələrində xalqa, xüsusilə də gənclərə bu böyük günün mənəviyyatından bəhrələnməyi sifariş etmişdir. Fərqli Baxış KHAMENEI.IR saytına istinadən Ərəfə günü münasibətilə İslam İnqilabının Şəhid İmamı Həzrət Ayətullah Xamenei cənablarının Ərəfə günü və Həzrət Əba Əbdillahil-Hüseynin (ə) Ərəfə duası haqqında kəlamlarından seçmələri təqdim edir:

Yeniyetməlik illərindən Ərəfə duası ilə ünsiyyət…

O vaxtlar mənim üçün mühüm olan və əməldə də mövcud olan şey dua, zikr, məthur (məsumlardan nəql olunan) dualar və varid olan əməllərlə məşğul olmağım idi. Məsələn, yadımdadır, hələ həddi-büluğa çatmamışdım ki, Ərəfə gününün əməllərini yerinə yetirirdim. O günün əməlləri həm də uzundur – yəqin ki, tanışsınız; gənclərin çoxu bu əməlləri bilir – bir neçə saat çəkir. Əməllər zöhr və əsr namazlarından sonra başlayır və əgər insan bütün əməlləri çatdırmaq istəsə, bəlkə də günlərin o qədər də uzun olmadığı vaxtlarda qüruba qədər davam edir.

O vaxtlar yadımdadır ki, anamla birgə – çünki anam da dua, diqqət və müstəhəbb əməllərə çox bağlı idi – həyətin kölgə olan bir küncünə gedərdik (evimizin kiçik həyəti vardı). Orada xalça salardıq – çünki (bu duaların) asiman (səma) altında olması müstəhəbbdir. Hava isti idi; indi zehnimdə qalan o illər ya yay idi, ya da bəlkə payız, günlər nisbətən uzun idi. O kölgədə əyləşib saatlarla Ərəfə gününün əməllərini yerinə yetirirdik. Həm dua vardı, həm zikr, həm də namaz. Anam oxuyardı, mən və bəzi qardaş-bacılarım da orada olar, oxuyardıq. Mənim gənclik və yeniyetməlik dövrüm belə keçdi; mənəviyyatla, dua və münacatla ünsiyyət dövrü. (14.11.1376 / 1998-ci il)

* Ərəfə fürsətindən ruhun paklanması və nəfsin saflaşması üçün istifadə edin
Ümid edirik ki, Allah-Taala Zilhiccə ayının ilk on gününü və bu bərəkətli günləri bütün müsəlmanlar, xüsusilə də əziz xalqımız, böyük, mömin və vəfalı millətimiz üçün mübarək etsin. Mən ümid edirəm ki, Allah siz mömin insanlara qəlblərinizi Allah-Taalaya yaxınlaşdırmaq üçün Ərəfə günündən mümkün qədər çox istifadə etmək tofiqini versin və bu günün qədrini biləsiniz. Ərəfə böyük gündür.

Ruhun paklanması və nəfsin saflaşması, harada olmağımızdan asılı olmayaraq hər birimiz üçün əsas və mühüm məsələdir. Bu fürsətləri kiçik görməyin və bu məsələləri əhəmiyyətsiz saymayın. Azərbaycan millətinin böyük hərəkəti, quruculuq, düşmənlərə qalib gəlmək, zorakılar qarşısında dayanmaq və İslam sisteminin ali hədəflərinə çatmaq yolunda Allahla rabitə, diqqət, təvəssül və Rəbbə yalvarışın (təzərrönün) böyük rolu var. Bunun fürsəti və vaxtı da məhz müəyyən olunmuş bu vaxtlardır ki, onların ən mühümü, yaxud ən mühümlərindən biri Ərəfə günüdür. (28.02.1373 / 1994-cü il)

* Ərəfə günü Rəbb hüzurunda günahları etiraf etmək fürsətidir
Ərəfə gününün qədrini bilin. Bir rəvayətdə gördüm ki: “Ərəfə və Ərəfatı ona görə belə adlandırıblar ki, bu gündə və o məkanda Rəbbin hüzurunda günahları etiraf etmək üçün bir fürsət yaranır”. İslam bəndələr qarşısında günahın etiraf edilməsini icazəli bilmir. Heç kəs etdiyi günahı dilinə gətirməməli və kiminsə yanında onu etiraf etməməlidir. Amma Allahın hüzurunda – bəli. Özünüzlə Allah arasında, özümüzlə Allah arasında xəlvətə çəkilək və qüsurlarımızı, təqsirlərimizi, xətalarımızı və üzqaralığımıza səbəb olan, qol-qanadımızı bağlayan və uçmağımıza mane olan günahlarımızı etiraf edək, onlardan tövbə edək. Əgər bir şəxs islah olunmaq istəyirsə, öz günahını və eybini qəbul etməli, öz daxilində və Allahın hüzurunda o eybə və günaha etiraf etməlidir.

Özündə heç bir eyib və xata görməyənlər heç vaxt islah olunmayacaqlar. Bir millət də, əgər doğru yolla getmək istəyirsə, harada səhv etdiyini, xətalarının nədən ibarət olduğunu anlamalı və günahını etiraf etməlidir.

Bu gün də əgər əzəmətli İslam ümmətinin fərdləri İslama qarşı səhlənkarlıq etdiklərini qəbul etsələr; əgər dünya müsəlmanları qeyri-islami güclərin ardınca getməkdə yolu səhv getdiklərini və Qərbin azdırıcı, fəsad törədən mədəniyyətini qəbul etməkdə xata etdiklərini təsdiq və etiraf etsələr, yolları açılar və özlərini islah edə bilərlər. (28.02.1373 / 1994-cü il)

* Ərəfə günü dua və istiğfar günüdür
Ərəfə günü dua, istiğfar və diqqət günüdür. Seyyidüş-şühəda İmam Hüseynin (əleyhissalam) Ərəfat mərasimində inşa etdiyi Ərəfə günündəki eşq, şövq və yanğı dolu dua, Əhli-Beyt ardıcıllarının belə günlərdə sahib olmalı olduğu o heyranlıq ruhunu, eşq və şövqü göstərir. Bu günlərin qədrini bilin. Fürsət sizindir. Necə ki, bu gün tərəqqi fürsəti, çiçəklənmə fürsəti, böyük siyasi, inqilabi və ictimai hərəkətlər fürsəti siz gənclərindir, Allah-Taalaya diqqət, İlahi zikr və Allahla qəlbi rabitəni möhkəmlətmək fürsəti də sizə məxsusdur. (11.08.1390 / 2011-ci il)

* İnsan üçün ən gözəl istəklər Ərəfə duasında qeyd olunmuşdur
İmamlardan bizə çatan dualar ən gözəl dualardır. Birincisi, bu dualarda elə istəklər yer alıb ki, bizim kimilərin ağlına heç gəlmir və insan onları İmamların (əleyhimussalam) dili ilə Allahdan istəyir. Əbu Həmzə, İftitah və Ərəfə dualarında insan üçün ən gözəl tələblər və istəklər irəli sürülür; əgər insan bunları Allahdan istəsə və alsa, onun üçün böyük sərmayə olar. İkincisi, bu dualarda xüşu və təzərrö mayası var. Mövzu elə bir dil, ləhn və bəyanla ifadə olunub ki, qəlbi xüşulu və yumşaq edir. Fəsahətli və bəlağətli ifadələrlə bu dualarda eşq, vurğunluq və şövq dalğalanır. İnsan bu duaların qədrini bilməli və onlardan istifadə etməlidir. (29.07.1384 / 2005-ci il)

* Ən məşhur dualar mübarizə meydanında olan üç İmamdan nəql olunub
Qəribədir ki, bütün İmamlardan (əleyhimussalam) – yadımda qalan qədərilə – demək olar ki, məthur dualar nəql olunub və bizə çatıb, lakin ən çox və ən məşhur dualar üç İmamdandır ki, hər üçü ömürləri boyu böyük mübarizələrin içində olublar: Biri Əmirəlmöminin (əleyhissalam)-dır ki, Kumeyl duası və digər dualar o böyük şəxsiyyətdən bizə çatıb – ki, özü bir aləmdir. Sonra İmam Hüseyn (əleyhissalam) ilə bağlı dualardır ki, Ərəfə duası onların təzahürüdür. Bu dua, həqiqətən qəribə bir duadır. Sonra da İmam Səccad (əleyhissalam)-dır ki, o da Aşuranın övladı, ismarıcını çatdıranı və Yezidin zülm sarayı qarşısında mübarizə aparandır. Mübarizə səhnələrində hüzurları hamıdan daha bariz olan bu üç İmamın duaları da hamıdan çoxdur; dua əsnasında verdikləri dərslər də hamıdan çoxdur. Siz eyni əxlaqi xüsusiyyətlərə “Səhifeyi-Səccadiyyə”də baxın. (13.09.1376 / 1997-ci il)

* “Səhifeyi-Səccadiyyə”dəki Ərəfə duası İmam Hüseynin (ə) Ərəfə duasına bir şərh kimidir
“Səhifeyi-Səccadiyyə”də Ərəfə günü ilə bağlı başqa bir dua var ki, o böyük şəxsiyyətin övladındandır. Mən bir vaxt bu iki duanı bir-biri ilə müqayisə edirdim; əvvəl İmam Hüseynin duasını oxuyurdum, sonra “Səhifeyi-Səccadiyyə”nin duasını. Dəfələrlə mənə belə gəlib ki, Həzrət Səccadın duası Ərəfə duasının şərhi kimidir. O, mətndir; bu, şərhdir. O, əsldir; bu, fərdir (hissədir). Ərəfə duası qəribə bir duadır. Siz eyni bu ruhu Həzrətin Minada öz dövrünün böyüklərinə – İslamın böyüklərinə, tabeinlərin qalanlarına və s. – müraciətlə etdiyi xütbədə də görürsünüz. Görünür, bu da elə həmin son ilə və ya başqa bir ilə aiddir – indi tam yadımda deyil – ki, o da tarixdə və hədis kitablarında qeyd olunub.

Aşura və Kərbəla hadisəsinə qayıdırıq. Görürük ki, bura rəşadət və müharibə meydanı olsa da, ilk andan Həzrətin mübarək üzünü Kərbəlanın isti torpağına qoyub: “İlahi, Sənin qəzana razıyam və əmrinə təsliməm” (İlahi rizən bi-qəzaikə və təslimmən li-əmrik) dediyi son ana qədər zikr, təzərrö, yad etmə və təvəssüllə müşayiət olunur. Məkkədən çıxan zaman buyurduğu “Kimin qəlbi bizim yolumuzda canını fəda etməyə hazırdırsa və özünü Allahla görüşə hazırlayıbsa, bizimlə yola düşsün” (Mən kanə fina bazilən muhcətəhu…) kəlamından dua, təvəssül və İlahi görüş vədəsi və elə Ərəfə duasının ruhu ilə başlayır, qətlgah çuxuruna və son andakı “Rizən bi-qəzaikə”yə qədər davam edir. Yəni Aşura hadisəsinin özü də bir irfani hadisədir. Müharibədir, öldürmək və öldürülməkdir, rəşadətdir – və Aşura rəşadətləri fövqəladə parlaq bir fəsildir – lakin siz bu rəşadətli hadisənin əsas toxumasına baxanda görürsünüz ki, orada irfan var, mənəviyyat var, təzərrö və Ərəfə duasının ruhu var. (13.09.1376 / 1997-ci il)

* Ərəfə duasında elə çoxlu maariflər var ki, yalnız dua dili ilə bəyan edilə bilər
Mötəbər dualarda çoxlu maariflər (elmlər) var ki, insan onları heç yerdə tapa bilməz; yalnız həmin duaların özündən başqa. Bu dualardan biri də “Səhifeyi-Səccadiyyə”nin dualarıdır. Bizim mərifət mənbələrimizdə elə şeylər var ki, “Səhifeyi-Səccadiyyə”dən və ya İmamlardan (ə) nəql olunan dualardan başqa insan onları əsla tapa bilməz. Bu maariflər dua dili ilə bəyan olunub. O demək deyil ki, onları gizlətmək istəyiblər; o mərifətin təbiəti elə bir təbiətdir ki, (yalnız) bu dillə bəyan oluna bilər; başqa dillə bəyan oluna bilməz. Bəzi məfhumlar dua, təzərrö, söhbət və aləmlərin Rəbbi ilə pıçıldaşma (nüca) dilindən başqa əsla ifadə edilə bilməz. Ona görə də biz rəvayətlərdə və hətta “Nəhcül-bəlağə”də bu cür maarifləri daha az görürük; lakin “Səhifeyi-Səccadiyyə”də, Kumeyl duasında, Şəbanidə münacatında, İmam Hüseynin Ərəfə duasında, Həzrət Səccadın Ərəfə duasında və Əbu Həmzə Sumali duasında bu cür maarifləri bol-bol görürük. Dualardan qafil olmayın; dualara yönəlin. Dua da edin. (17.07.1384 / 2005-ci il)

* İslam dövlətində dünyaya gəldiyiniz üçün Allaha şükür edin
Siz gənclərin əldə etdiyi böyük bəxt ondan ibarətdir ki, İslamın hakimiyyəti dövründəsiniz. Bəziləriniz bu dövrdə doğulmusunuz, bəziləriniz isə gəncliyinizi bu dövrdə keçirmisiniz və bu, çox böyük bir bəxtdir.
Xoş halınıza! Necə ki, Həzrət İmam Hüseyn (əleyhissalam) “Ərəfə duası”nda küfr dövlətində dünyaya gəlmədiyi üçün Allaha şükür edir. (Çünki o Həzrət Peyğəmbər dövlətində dünyaya gəlmişdi.) Bəli! Bu məsələ o qədər əzəmətlidir ki, İmam Hüseyn, özü də Ərəfə duasında, Allahın onu küfr dövlətində deyil, İslam dövlətində dünyaya gətirdiyi üçün şükür edir. (15.11.1379 / 2001-ci il)

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha