Bolqarıstanın Veliko Tırnovo şəhərində 8-10 oktyabr tarixlərində 20-ci Beynəlxalq “Mədəni Turizm” sərgisi keçirilib.
Azərbaycan sərgidə Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi və ölkənin Bolqarıstandakı Səfirliyi tərəfindən təmsil olunub.
Tədbir zamanı iştirakçılara ingilis dilində hazırlanmış bukletlər və broşürlər təqdim olunub, Şuşanın tarixi və mədəni özəllikləri, turizm potensialı və zəngin təbii gözəllikləri vurğulanıb. Ziyarətçilərə Şuşanın turizm məkanları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altında aparılan bərpa və rekonstruksiya işləri barədə məlumat verilib.
Bolqarıstandakı Azərbaycan Səfirliyinin stendində milli Azərbaycan mətbəxi nümunələri, milli suvenirlər, xalçalar və ölkənin zəngin mədəniyyətini, qədim tarixini və möhtəşəm təbiətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
Azərbaycan nümayəndə heyəti tədbirin kənarında Veliko Tırnovonun meri Daniel Panov ilə görüşüb. Görüşdə Şuşa və Veliko Tırnovo, iki bacı şəhər arasında mədəni və turizm əlaqələrinin gücləndirilməsi, qarşılıqlı səfərlər, mədəni və turizm tədbirləri, həmçinin təcrübə mübadiləsi müzakirə olunub.
Fərqli baxış

