Azərbaycan

Siyasi məhbus Yavər İsmayılzadənin həbsxanada özünə xəsarət yetirib. Vəziyyəti ağırdır

admin info

Hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən Yavər İsmayılzadənin saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində özünə ağır xəsarət yetirdiyi bildirilir. Anonim mənbənin məlumatına görə, məhbusun vəziyyəti ağırdır.

Məlumata əsasən, Yavər İsmayılzadə oktyabrın 14-dən etibarən aclıq aksiyasına başlayıb və aksiyanın ilk günündən karserə salınıb. İddialara görə, ondan aclığı dayandırması tələb olunub və bu məqsədlə ona təzyiqlər göstərilib.

Mənbənin bildirdiyinə görə, oktyabrın 30-da aclıq aksiyasını dayandırmaq əmrini yerinə yetirmədiyi üçün İsmayılzadəyə işgəncə verilib. Onun bu rəftara etiraz olaraq özünə ağır xəsarət yetirdiyi iddia olunur.

Həmçinin hadisə barədə məhbusun ailəsinə məlumat verilmədiyi bildirilir.

Yavər İsmayılzadə kimdir?

Şəmkir rayon sakini Yavər Azər oğlu İsmayılzadə 2018-ci il iyulun 3-də Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən sonra həbs edilən şəxslərdən biridir.

İlk məhkəmə hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən İsmayılzadənin cəzası apellyasiya instansiyasında 5 ilə endirilib. O, 2022-ci il mayın 27-də imzalanmış əfv sərəncamı ilə Gəncə hadisələri ilə bağlı məhkum edilən daha 19 nəfərlə birlikdə azadlığa buraxılıb.

Lakin onun azadlığı uzun çəkməyib. Yavər İsmayılzadə 30 mart 2023-cü ildə narkotik ittihamı ilə yenidən həbs olunub. 21 noyabr 2023-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaxınları və tərəfdarları onun barəsində irəli sürülən ittihamların saxta olduğunu bildirirlər.

Penitensiar Xidmət və aidiyyəti dövlət qurumları Yavər İsmayılzadənin səhhəti, ona tibbi yardım göstərilib-göstərilməməsi və işgəncə iddiaları ilə bağlı hələlik açıqlama verməyib.

Məhbusun təhlükəsizliyinin təmin olunması, ailəsinə məlumat verilməsi və hadisənin obyektiv və müstəqil şəkildə araşdırılması tələb olunur.

Qeyd: Xəbərdə yer alan özünə xəsarət yetirmə, işgəncə və ailəyə məlumat verilməməsi ilə bağlı məlumatlar anonim mənbənin iddialarına əsaslanır və rəsmi şəkildə təsdiqlənməyib.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha