Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı
Fərqli baxış xəbər verir ki, 1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Müğənni Rəqsanənin 1 milyonluq fırıldaqçılıq işi ilə bağlı azadlığa buraxılması, eyni zamanda Qəzzaya dəstək verdiyinə görə müsəlman Azərbaycan qadınlarının həbs olunması cəmiyyətdə ciddi suallar doğurur.
Bu hadisələr bir daha göstərir ki, ölkədə ədalət meyarları eyni deyil. Sənət adı altında illərlə gündəmdə olan bir şəxsin milyonlarla bağlı qalmaqaldan sonra rahatlıqla azadlığa çıxması, amma vicdanlı mövqe sərgiləyib, Qəzzada günahsız insanların qırğınına etiraz edən qadınların cəzalandırılması, ictimai ədalət hissinə ağır zərbə vurur.
Bu, təkcə hüquqi deyil, mənəvi ədalətsizlikdir. Bir tərəfdə maddi fırıldaq bağışlanır, digər tərəfdə dinc etiraz və humanist mövqe cəzalandırılır.
Cəmiyyət belə yanaşmanı qəbul etmir. İnsanlar sual verir:
Bu ölkədə qanun kimə necə tətbiq olunur? “Mövqe sərgiləmək” niyə cinayət sayılır, amma milyonlarla fırıldaq yox?
Əgər Qəzzada qətlə yetirilən uşaqlara görə kədərini bölüşmək, zülmə etiraz etmək “təhlükə” sayılırsa, deməli, problem xalqda deyil, sistemi narahat edən həqiqətin özüdür.
Bu cür qərarlar nə ədalətlidir, nə vicdani, nə də insanidir. Cəmiyyət haqlı olaraq narazıdır və bu narazılıq susdurulmaqla yox, ədalət bərpa edilməklə həll oluna bilər.
Fərqli baxış

