Liseyin 131 min manatını mənimsəyən direktor: “Özümə əlavə dərs saatları yazdırdım”
Fərqli baxış xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax Peşə Liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. İşə hakim İlkin İbişovun sədrliyi ilə baxılıb.
Məhkəmə istintaqı zamanı elan olunan ittihama əsasən, Xudaverdi Xudaverdiyev 21 yanvar 2020-ci il tarixindən 14 noyabr 2022-ci ilədək Qazax Peşə Liseyinin direktoru vəzifəsində çalışdığı dövrdə qulluq mövqeyindən sui-istifadə edib. O, rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etdirməklə dövlət vəsaitlərinin qanunsuz ödənilməsinə nail olub.
İstintaqla müəyyən edilib ki, 2020/2021-ci tədris ilində faktiki olaraq 21 saat dərs keçdiyi halda, sənədlərdə öz adına 460 əlavə dərs saatı rəsmiləşdirilib və bu əsasla 2 847,40 manat vəsait bank kartına köçürülüb. Həmin məbləğ sonradan nağdlaşdırılaraq şəxsi ehtiyaclara xərclənib.
Bundan başqa, 2020/2021 və 2021/2022-ci tədris illərində 39 müəllimin adına faktiki icra olunmayan əlavə dərs saatları sənədlərə daxil edilib. Nəticədə müəllimlərin kart hesablarına ümumilikdə 128 207,16 manat köçürülüb.
Beləliklə, istintaq orqanının qənaətinə görə, Xudaverdi Xudaverdiyev ona etibar edilmiş ümumilikdə 131 054,56 manat dövlət vəsaitini mənimsəyib və israf edib.
Məhkəmədə ifadə verən
təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, müəyyən məsuliyyətsizliklərə yol verdiyini, bəzi dərnəklərin maddi-texniki bazasının olmaması səbəbindən sonradan qanunsuz hesab edildiyini deyib. Həmçinin öz adına əlavə dərs saatları yazdırdığını etiraf edib.
Məhkəmənin hökmünə əsasən, Xudaverdi Xudaverdiyev 2 il sınaq müddəti olmaqla şərti olaraq azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
Fərqli baxış

