Azərbaycan

Hafiz Babalı “Baku TV”yə qarşı məhkəmə işində süni maneələrlə üzləşdiyini bildirir

admin info

“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı “Baku TV”yə qarşı məhkəmə işində prosessual və inzibati maneələrlə üzləşdiyini bildirir.

o, Bakı Apellyasiya Məhkəməsinin qərarı ona rəsmi qaydada təqdim etmədiyini, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin isə kassasiya şikayəti vermək üçün müraciətini qəbul etməkdən imtina etdiyini iddia edir.

Hafiz Babalı “Baku TV” MMC-nin efirində onun barəsində böhtan xarakterli məlumatların yayıldığını bildirərək şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi üçün məhkəməyə müraciət edib.

O, telekanaldan yayılan məlumatları təkzib etməyi, üzr istəməyi və mənəvi zərərə görə 50 min manat kompensasiya ödəməyi tələb edib.

Nəsimi Rayon Məhkəməsi jurnalistin iddiasını rədd edib. Bakı Apellyasiya Məhkəməsi isə aprelin 22-də hakim Günel Abbasovanın sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.

Hafiz Babalı bildirir ki, həmin qərar indiyədək ona rəsmi qaydada təqdim edilməyib.

Jurnalistin sözlərinə görə, qərarın Elektron Məhkəmə Sistemində yerləşdirilməsi ilə bağlı da uyğunsuzluqlar var.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi qərarın aprelin 29-da elektron sistemə yerləşdirildiyini bildirsə də, Hafiz Babalı bunun daha gec baş verdiyini iddia edir.

O qeyd edir ki, qərar göstərilən tarixdə elektron kabinetə yerləşdirilsəydi, həm özünün, həm də vəkilinin mobil telefon nömrələrinə və elektron poçt ünvanlarına müvafiq bildiriş göndərilməli idi. Lakin onların heç biri belə bildiriş almayıb.

Jurnalistin bildirdiyinə görə, digər məhkəmə qərarları ilə bağlı bildirişlər elektron kabinetdə görünsə də, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına dair bildiriş sistemdə yoxdur.

Hafiz Babalı hesab edir ki, bu hallar qərarın elektron sistemə yerləşdirildiyi tarixlə bağlı məhkəmənin təqdim etdiyi məlumatın doğruluğunu şübhə altına alır.

Jurnalist Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün vəkillə müqavilə bağlayıb.

Lakin onun sözlərinə görə, qərarın rəsmi təqdim edilməməsi, elektron bildirişlərin göndərilməməsi və sistemdə yerləşdirilmə tarixi ilə bağlı uyğunsuzluqlar nəticəsində kassasiya şikayəti vermək müddətinin ötürüldüyü əsas gətirilərək maneə ilə üzləşib.

Hafiz Babalı həmçinin bildirir ki, kassasiya şikayəti ilə bağlı ərizəsini təqdim etmək üçün 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə müraciət etsə də, ərizəsi qəbul olunmayıb.

Jurnalist “Baku TV”yə qarşı məhkəmə mübahisəsini Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) davam etdirməyi planlaşdırır.

O, bundan əvvəl də barəsində böhtan xarakterli məlumatlar yaydığını iddia etdiyi “Qafqazinfo.az”, “ATV” və “İki Sahil” qəzetinə qarşı məhkəmə işlərində çıxarılmış qərarlardan AİHM-ə şikayət edib.

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub.

Bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə də həbs ediliblər.

Onlara qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürülüb.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Jurnalistlər ittihamları rədd edir, korrupsiya araşdırmalarına və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha