Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin həyat yoldaşı Şahanə Həsənova məktəblərdə hicab qadağası ilə bağlı paylaşdığı videoları silməsi üçün polisdən zəng aldığını bildirir.
O, bu barədə oktyabrın 21-də sosial şəbəkə hesabında məlumat yayıb.
Şahanə Həsənovanın sözlərinə görə, Abşeron Rayon Polis İdarəsindən ona zəng edərək məktəbin qarşısında çəkilmiş videoları “Facebook” hesabından silməsini istəyiblər.
“İndicə Abşeron polisindən zəng vurub “Facebook”da paylaşdığım, məktəbin qarşısında çəkilmiş videoları silməyimi istədilər. Mən də onlara videolarda artıq-əskik heç nə olmadığını bildirdim. Bu ünvanda yaşadığımı deyib dəstəyi asdı.
Mənim həyat yoldaşım həbsdədir, evdə təkbaşına iki uşağa baxıram. İndi bu ölkədə məni kim qoruyacaq?”
Polisin Şahanə Həsənovanın iddialarına münasibəti hələlik məlum deyil.
Müsəlman Birliyi Hərəkatının üzvü Ağaəli Yahyayev 2023-cü il avqustun 31-də saxlanılıb. O, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 2024-cü ilin sentyabrında 7 il müddətinə azadlıqdan məhrum edilib. Yahyayev ittihamı qəbul etmir.
O, bundan əvvəl də 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. Yahyayev 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Son həftələr Azərbaycanın bir sıra məktəblərində hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb.
Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarına etdiyi dəyişikliklərdən sonra baş verib. Qaydalarda hicabın qadağan olunması birbaşa göstərilməsə də, bəzi məktəblərdə sənəd dini geyimlərin qadağan edilməsi kimi tətbiq olunur.
Qadağalara etiraz olaraq bir sıra məktəblərin qarşısında aksiyalar keçirilib.
Daxili İşlər Nazirliyi (DİN) məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı insidentlər zamanı 37 nəfərin saxlanıldığını açıqlayıb.
Nazirliyin iddiasına görə, Bakıda bir qrup şəxs geyim qaydalarının tətbiqi ilə əlaqədar təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa çalışıb.
Bəzi dini fəallar isə etirazlarla əlaqədar ölkə üzrə 400-ə yaxın şəxsin saxlanıldığını bildirirlər. Bu rəqəm müstəqil şəkildə təsdiqlənməyib.

