Bakıda Gürcüstanın yeni səfirlik binasının tikintisi üçün layihələndirmə və tikinti işləri satın alınacaq.
Musavat.com Gürcüstanın BM.ge nəşrinə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi Gürcüstan hökumətinin oktyabrın 20-də qəbul etdiyi və baş nazir İrakli Kobaxidzenin imzaladığı sərəncamda nəzərdə tutulub.
Sənədə əsasən, yeni səfirlik binası Bakının Yasamal rayonunda, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşən 3444,5 kvadratmetrlik torpaq sahəsində inşa ediləcək.
Layihələndirmə və tikinti işlərinin Design-Build modeli əsasında, vahid müqavilə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Bu model layihənin hazırlanması ilə tikinti işlərinin eyni müqaviləyə daxil edilməsini nəzərdə tutur.
Layihənin 2026-cı il üzrə tədbirləri Gürcüstanın Dövlət Büdcəsindən Bələdiyyə İnkişaf Fonduna ayrılmış vəsait hesabına maliyyələşdiriləcək. Növbəti mərhələlər üçün tələb olunan vəsaitin isə 2027-ci ilin və zərurət yaranarsa, sonrakı illərin büdcələrində nəzərə alınması planlaşdırılır.
Sərəncama görə, tikinti işləri başa çatdıqdan sonra bina Gürcüstanın Xarici İşlər Nazirliyinə təhvil veriləcək.
Qeyd edək ki, yeni səfirliyin tikintisi üçün torpaq sahəsi 2025-ci ilin yanvarında Azərbaycan tərəfindən Gürcüstana ayrılıb. Bakının mərkəzində yerləşən, təxminən 3500 kvadratmetr ərazini əhatə edən sahədə həm səfirlik binasının, həm də Gürcüstan səfirinin iqamətgahının yerləşdirilməsi nəzərdə tutulur.
Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi Bakının Nərimanov rayonunda, Yaşar Hüseynov küçəsi 13/15 ünvanında fəaliyyət göstərir.

