İran

Bəsic meydana gələrsə: İranda baş verən ixtişaşların incəlikləri və pərdəarxası məqamlar

hajiinfo

Bəsic meydana gələrsə:
İranda baş verən ixtişaşların incəlikləri və pərdəarxası məqamlar

Son günlər İranda baş verən etiraz aksiyaları getdikcə daha mürəkkəb və təhlükəli mərhələyə qədəm qoyur. Artıq söhbət təkcə etirazdan deyil, dövlətin özünün də “qırmızı xətlər” adlandırdığı təhlükəsizlik məsələlərindən gedir.

Etiraz, yoxsa xaos?

Ali dini lider Ayətullah Xamenei son çıxışında baş verənlərə açıq şəkildə toxundu və sərt tədbirlərin qaçılmaz ola biləcəyini vurğuladı.
Məscidlərin və Hüseyniyələrin yandırılması, mülki əhaliyə hücumlar, polis bölmələrinə basqınlar, insanların mülklərinə zərər vurulması — rəsmi Tehranın mövqeyinə görə bunlar artıq etiraz deyil, təxribat və terror aktlarıdır.
Bu yanaşma İranda yeni deyil.

2007-ci ildə də oxşar proseslər yaşanmışdı. Həmin dövrdə etirazlar o həddə çatmışdı ki, hətta Ali Liderin evinə hücum cəhdləri belə olmuşdu.

Tarixi təcrübə: Bəsic meydana gələndə

2007-ci ildə vəziyyətin taleyini dəyişən əsas məqam Ayətullah Xameneinin məşhur çıxışı oldu. Həmin çıxışdan sonra Bəsic qüvvələri aktiv fazaya keçdi.

Mərhəmət yox, qəzəb ön plana çıxdı. Nəticə isə aydın idi:

cəmi bir gün ərzində etirazlar tamamilə səngidi.

Bu gün İranda istər tərəfdar, istərsə də müxalif düşərgə yaxşı bilir ki, Bəsic ortaya çıxanda proseslər çox sürətlə dəyişir.

Bəsic kimdir?

Bəsic — rəsmi adı ilə Bəsic Müqavimət Qüvvələri, 1979-cu ilin noyabrında Ayətullah Xomeyni tərəfindən yaradılmış könüllü paramilitar təşkilatdır. Təxminən 10–15 milyon üzvü olduğu bildirilir.

Bu qüvvə:

birbaşa Ali Dini Liderə tabedir,
daxili təhlükəsizlik qüvvələrinə yardımçı rol oynayır,
rəsmi dini mərasimlərin təşkili,
sosial xidmətlər,
əxlaq polisi,
müxalif toplaşmaların yatırılması kimi funksiyaları icra edir.

İslam İnqilabı Keşikçiləri Korpusu — yəni Sepah — ilə Bəsic arasında sıx struktur əlaqəsi mövcuddur. Faktiki olaraq Sepahın insan resurslarının böyük hissəsi məhz Bəsic üzvlərindən formalaşır.

Təhlükəsizlik riskləri və şayiələr
Son dövrlər yayılan ən ciddi şayiələrdən biri yüksək vəzifəli bir şəxsin terror edilə biləcəyi ilə bağlıdır.

Uzun illərdir sionist dairələrin Ayətullah Xameneini hədəf kimi gördüyü iddiaları nəzərə alındıqda, bu ehtimal Tehranda xüsusilə ciddi qəbul olunur.

Bu da təhlükəsizlik strukturlarının niyə maksimum həssas vəziyyətdə olduğunu izah edir.

Xalqın etirazı haqlıdır, amma…
Bahalaşma var? Var.

İş çətindir? Çətindir.
Xalqın əsəbi var? Var.

Bu, xalqın günahı deyil. Amma bu problemlərin hamısını götürüb Ali Məqamlı Rəhbərin boynuna yazmaq ya savadsızlıqdır, ya da qəsd.

Əsl problem hardadır?

ABŞ-la “yaxınlaşma nağılı”na inanan,
“bəlkə Amerika ilə dil tapsaq, hər şey düzələr” deyən
prezident administrasiyasının yanlış iqtisadi kursundadır.

Amerikaya ümid bağlayan hər kəs tarixdə uduzub. İran istisna deyil.
Amerika və sionist rejim: köhnə səhnə, köhnə oyun
Amerika ilə sionist rejimin bir xasiyyəti var:

özləri haranı batırıblarsa, sonra çıxıb “biz demokratiya gətiririk” deyirlər.

İraq — yerlə-yeksan.
Liviya — dövlət yox oldu.
Suriya — qan gölü.

İndi də oturublar ekran arxasında, guya İran xalqını “sevirlər”.
Dünən sanksiya qoyub xalqı sıx, bu gün də de ki, “biz sizin yanınızdayıq”.

Bu qədər ikili standart ancaq onlarda olar

Rəsmi mesaj: dözümlülük yoxdur
İran Məhkəmə Hakimiyyətinin rəhbəri Möhsün Ejei son açıqlamasında açıq mesaj verdi: Etirazla zorakılıq arasında fərq var.

Tənqid dinlənilə bilər, amma ictimai təhlükəsizliyə yönələn hərəkətlərə dözümlülük olmayacaq.

Ejei iqtisadi çətinliklərin xarici qüvvələr tərəfindən istismar edildiyini, sanksiyaların və daxili struktur problemlərinin vəziyyəti ağırlaşdırdığını qeyd etdi. Bununla yanaşı vurğuladı ki, xaos yaradan, silah gəzdirən və milli təhlükəsizliyi hədəf alanlara qarşı qəti hüquqi tədbirlər görüləcək.

Yekun

Bütün bu mesajlar onu göstərir ki, İran rəhbərliyi mövcud vəziyyəti sadə etiraz dalğası kimi deyil, strateji təhlükəsizlik problemi kimi qiymətləndirir.

Əgər Bəsic yenidən tam miqyasda meydana çıxarsa, proseslərin çox qısa zamanda fərqli istiqamət alacağı ehtimalı yüksəkdir.

Sakit Məna
Təhlil şöbəsi

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha