Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi türkiyəli jurnalist Məhəmməd Əmin Yıldırım İstanbulda saxlanılıb.
Bu barədə Türkiyənin “Köklü Değişim Media” qurumu oktyabrın 26-da məlumat yayıb. Bildirilib ki, qurumun İstanbul təmsilçisi olan Yıldırımı sosial şəbəkə paylaşımlarına görə İstanbul Polis İdarəsinin əməkdaşları saxlayıb.
Qurum jurnalistin hansı paylaşımlarına görə saxlanıldığının və aparılan araşdırmanın təfərrüatının hələlik açıqlanmadığını bildirib. Onun hüquqi vəziyyətinin vəkili vasitəsilə izlənildiyi qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 21-də Məhəmməd Əmin Yıldırım da daxil olmaqla 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edərək ölkəyə girişini qadağan edib.
Nazirlik qərarı həmin şəxslərin sosial şəbəkələrdə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı açıqlamalar verməsi ilə əsaslandırıb. Lakin qadağaya səbəb olan konkret paylaşımlar açıqlanmayıb. Siyahıda jurnalistlərlə yanaşı, siyasətçilər, akademiklər və yazarlar da yer alıb.
Qərar Azərbaycanda məktəblərdə hicabın məhdudlaşdırılması ilə bağlı Türkiyədən səslənən tənqidlər fonunda qəbul edilib.
Bundan əvvəl Azərbaycandakı hicab məhdudiyyətlərini tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral da vəzifəsindən azad edilib.

