Azərbaycan

Abid Qafarov: “Hicab məsələsi Azərbaycanda müsəlmanlara qarşı sistemli ayrı-seçkilik siyasətinin tərkib hissəsidir”

admin info

Azərbaycanlı siyasi fəal və jurnalist Abid Qafarov Livanın “Al Mayadeen” kanalına müsahibəsində Azərbaycanda hicab məsələsi, dini azadlıqların məhdudlaşdırılması və müsəlmanlara qarşı ayrı-seçkilik iddialarından danışıb.

Abid Qafarov bildirib ki, Azərbaycan hakimiyyəti ölkədə hicaba açıq şəkildə qadağa qoyulmadığını, yalnız məktəbli forması ilə bağlı qaydaların tətbiq edildiyini deyir:

“Qanunlara yalnız kağız üzərində yazıldığı kimi baxsaq, hökumət haqlı görünə bilər. Çünki qanunlarda hicabın qadağan olunması barədə konkret müddəa yoxdur. Hətta ‘hicab’ sözünün özü belə çəkilmir. Amma əslində burada çox çirkin bir oyun oynanılır. Məktəbli forması ilə bağlı qəbul edilən qaydalardan müsəlmanları ayrı-seçkiliyə məruz qoymaq üçün istifadə olunur”.

Siyasi fəalın sözlərinə görə, bu yanaşma Azərbaycanda müsəlmanlara qarşı həyata keçirilən sistemli ayrı-seçkilik siyasətinin bir hissəsidir.

Qafarov qeyd edib ki, 2003-cü ildən sonra Azərbaycanda İslam əleyhinə məqsədyönlü təbliğat kampaniyası aparılıb:

“İnsanlara təlqin edilməyə çalışıldı ki, guya İslam ərəb-fars dinidir, guya bu din Azərbaycana işğal nəticəsində gətirilib və ölkə üçün təhlükə mənbəyidir. Lakin məsələ yalnız din əleyhinə təbliğatla məhdudlaşmadı. Azərbaycanda türk millətçiliyinin də faşist ideologiyasına çevrilərək təbliğ edildiyinin şahidi olduq”.

Abid Qafarov bildirib ki, hakimiyyətə yaxın media qurumları da eyni ritorikadan istifadə edir və dindar insanlara “İranda, Əfqanıstanda və ya Ərəbistanda yaşa” deyirlər:

“Bəs niyə insan öz doğma vətənində dini inancına görə yad hesab edilməlidir? Niyə bir insanın başındakı hicab onun öz ölkəsində yaşamaq hüququnu mübahisə mövzusuna çevirməlidir?”

O, Azərbaycanda baş verən proseslərlə 1967-ci ildə Ənvər Hocanın hakimiyyəti dövründə Albaniyada həyata keçirilən dini repressiyalar arasında paralellər gördüyünü deyib:

“Albaniyada proses eyni məntiqlə inkişaf edirdi. Əvvəlcə hicaba qadağalar qoyuldu, daha sonra məscidlər hədəfə alındı və dini həyatın özü məhdudlaşdırıldı”.

Qafarovun sözlərinə görə, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda təxminən səkkiz məscid sökülüb. O, təzyiq və qadağaların gələcəkdə daha da genişlənə biləcəyindən narahatlığını ifadə edib:

“Tarix göstərir ki, ayrı-seçkilik vaxtında dayandırılmadıqda, daha təhlükəli mərhələyə keçə bilər. Mən qorxuram ki, bu siyasətin sonu Azərbaycanda müsəlmanlara qarşı açıq, faşist xarakterli əməllərə gətirib çıxarsın”.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha