Kateqoriyasız

Cəbrayılda “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi açılıb

hajiinfo

Cəbrayılda keçirilən Şəhər Günü çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5 illiyinə həsr olunan “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi açılıb.

Fərqli baxış xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma şəhərə qayıtmış Cəbrayıl sakinləri və media nümayəndələri iştirak ediblər.

Bildirilib ki, sərginin məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad edilmiş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və dövlətimiz tərəfindən həyata keçirilən bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

Sərgidə Vüqar İbadov, Arif Ələkbər, Kamran Əsədov, Fətəli Fətəliyev, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və digər fotoqrafların əsərləri nümayiş olunub. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, eləcə də qədim abidələrimizlə müasir inkişafın ahəngini əks etdirən kadrlar təqdim edib.

Sərgi məkanında, həmçinin rəssam Məhərrəm Əliyev iriölçülü kətan tablo üzərində Cəbrayıla məxsus motivləri canlı olaraq təsvir edib. İnteraktiv formada hazırlanan bu əsər Cəbrayıl sakinlərinin iştirakı ilə tamamlanıb. Həm uşaqlar, həm də böyüklər rəssamın yaratdığı fon üzərində fırça ilə öz izlərini qoyaraq əsərin yaranma prosesinə qoşulmaq imkanı əldə ediblər.

“Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi və yenicə tamamlanan rəsm əsəri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha