Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Çinin “Phoenix” media qurumunun İranın Bəhreyndəki ABŞ hərbi bazalarına cavabı ilə bağlı sualını cavablandırarkən bildirib: “Heç bir zərbəni cavabsız qoymayacağıq və ABŞ-nin heç bir təcavüzü cavabsız qalmayacaq”.
Bəqayi “Phoenix” telekanalının çinli müxbirinin Trampın İranla razılaşmağa ehtiyac duymadığı barədə bəyanatları və ABŞ-nin İranın təklifinə rəsmi cavabını gözləyib-gözləmədikləri ilə bağlı sualına cavabında deyib: “Biz öz işimizi davam etdiririk. İranın milli təhlükəsizliyini və maraqlarını qorumaq üçün heç kimi gözləmirik. Özümüzə və imkanlarımıza güvənirik”.
İranın yüksək vəzifəli diplomatı uranın zənginləşdirilməsinin müvəqqəti dayandırılması və ya zənginləşdirmə səviyyəsinin azaldılması ehtimalı ilə bağlı digər suala cavabında deyib: “Xeyr. Hazırda biz bu mərhələdə deyilik. Nüvə məsələsi ilə bağlı detalları müzakirə etməmişik və hazırda belə bir müzakirə aparmırıq”.
O, ABŞ-lə birbaşa danışıqlar aparmaq üçün İranın irəli sürdüyü şərtlərlə bağlı suala cavabında bildirib: “Bizim üçün məsələ danışıqların birbaşa və ya dolayı yolla aparılması deyil. Bunlar tamamilə ikinci dərəcəli məsələlərdir. Biz ABŞ-lə danışıqlar apardıq və razılığa gəldik. ABŞ bu razılaşmanı ən yüksək səviyyədə imzaladı, lakin cəmi iki həftə sonra razılaşmanı pozdu”.

