Almaniya Müdafiə Nazirliyinin keçirdiyi sorğu ölkə ordusunda xidmət edən qadın hərbçilərin 60 faizdən çoxunun təcavüzə məruz qaldığı üzə çıxarıb.
nazirlik tərəfindən hazırlanan və daha əvvəl mediaya sızdırılan anket nəticələri ordudakı cinsi zorakılığın təsadüfi hallar deyil, ciddi struktur problemi olduğuna işarə edir.
Potsdam Hərbi Tarix və Sosial Elmlər Mərkəzi tərəfindən həyata keçirilən araşdırma çərçivəsində həm qadın, həm də kişi hərbçilərə 41 sualdan ibarət onlayn sorğu göndərilib.
Sorğuda 4 mindən çox qadın hərbçi iştirak edib.
Sorğunun nəticələrinə əsasən, qadın hərbçilərin təqribən 40 faizi xidmət müddəti ərzində cinsi məzmunlu ifadələrə və nalayiq şərhlərə məruz qaldığını bildirib.
İştirakçıların 15 faizi isə razılıqları olmadan çəkilən və ya süni intellekt texnologiyalarından istifadə edilərək dəyişdirilən fotoşəkillər vasitəsilə təqib olunduqlarını etiraf ediblər.
Bundan əlavə, qadın hərbçilərin 8 faizindən çoxu fiziki hücuma məruz qaldığını, 2 faizi isə birbaşa cinsi zorakılıq halları ilə qarşılaşdığını qeyd edib.
Araşdırma orduda baş verən cinsi istismar halları ilə bağlı rəsmi məlumatlandırma prosesində də ciddi maneələrin olduğunu ortaya qoyub. Hərbçilərin təxminən üçdə biri birbaşa rəhbərliklərinə güvənmədikləri, yaxud şikayətlərinin ciddiyə alınmayacağını düşündükləri üçün baş verənləri gizli saxladıqlarını bildiriblər.
Almaniyanın müdafiə naziri Boris Pistorius orduda cinsi istismarla mübarizə istiqamətində sərt yeni tədbirlər paketinin hazırlanacağını açıqlayıb.
Planlaşdırılan addımlar arasında hərbçilərin bu mövzuda maarifləndirilməsi məqsədilə təlimlərin məcburi proqramın daimi hissəsinə çevrilməsi və hərbçilərin adlarını açıqlamadan şikayət edə biləcəkləri xüsusi anonim mexanizmlərin yaradılması da yer alır.

