Azərbaycan

AŞPA və ATƏT PA nümayəndələri: “Azərbaycanda ifadə azadlığı və müstəqil siyasi fəaliyyət boğulur”

admin info

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan və ATƏT Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi nümayəndəsi Stiv Koen Azərbaycanda Anar Məmmədli, Əli Kərimli, Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin işlərini ifadə azadlığına və müstəqil ictimai-siyasi fəaliyyətə təzyiqlərin göstəricisi adlandırıblar.

Bu barədə onlar oktyabrın 29-da, Beynəlxalq Siyasi Məhbuslar Günü ərəfəsində yaydıqları birgə bəyanatda bildiriblər.

“Azərbaycanda Anar Məmmədli və Əli Kərimlinin, eləcə də Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin işləri ifadə azadlığının, müstəqil ictimai və siyasi fəaliyyətin nə dərəcədə boğulduğunu göstərir”, – bəyanatda deyilir.

“Azadlıqdan ədalətsiz şəkildə məhrum edilənləri xatırlayırıq” adlı bəyanatda siyasi məhbusların azad edilməsinə və onların işlərinin beynəlxalq gündəmdə saxlanılmasına çağırış edilib.

Rojhan və Koen xatırladıblar ki, 1974-cü il oktyabrın 30-da Sovet İttifaqının müxtəlif yerlərində saxlanılan siyasi məhbuslar həbs şəraitinə etiraz etmək və beynəlxalq ictimaiyyətin diqqətini öz vəziyyətlərinə yönəltmək üçün birgünlük aclıq aksiyası keçiriblər. Sonradan həmin etirazın xatirəsinə Beynəlxalq Siyasi Məhbuslar Günü təsis olunub.

Bəyanat müəllifləri bildiriblər ki, 50 ildən çox vaxt keçməsinə baxmayaraq, Rusiyanın həbsxanalarında və cəzaçəkmə müəssisələrində yenə də günahsız insanlar saxlanılır. Onların yeganə “cinayəti” tiranlığa və təcavüzə dinc şəkildə qarşı çıxmaq, insan hüquqlarını müdafiə etmək və həqiqəti söyləməkdir.

“Siyasi məhbusların azadlığı bizim öz azadlığımızdan ayrı deyil. Keçmiş siyasi məhbus Vladimir Kara-Murza daxili repressiyalarla xarici təcavüzü eyni medalın iki üzü kimi təsvir edib. Cəmiyyətdə qorxu hökm sürəndə, müstəqil səslər susdurulanda dinc birgəyaşayışın əsasları sarsılmağa başlayır. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi göstərdi ki, nəzarətsiz avtoritarizm bir ölkənin sərhədlərində dayanmır”, – bəyanatda vurğulanıb.

Rojhan və Koen hesab edirlər ki, ədalətsiz həbs edilən insanların xatırlanması onların cəsarətinin və çəkdikləri əzabların gizli qalmasının, adlarının unudulmasının qarşısını alır. Bu, həm də baş verənlərə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq ictimaiyyətin laqeydliyinə arxalanmasına imkan vermir.

Bəyanatda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Gürcüstan, Ukrayna və Türkiyədə siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin də adları çəkilib.

Onların arasında Sovet dövründəki repressiyaları araşdırdığına görə təqiblərə məruz qalan rusiyalı tarixçi Yuri Dmitriyev və Çeçenistan hakimiyyətinə qarşı çıxan oğullarına görə həbs edildiyi bildirilən Zarema Musayeva da var. Bəyanatda qeyd olunub ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Musayevanın özbaşına həbs edildiyini təsdiqləyib.

Sənəddə həmçinin Rusiyanın nəzarətindəki məhkəmələr tərəfindən qanunsuz olaraq məhkum edildiyi bildirilən ATƏT-in keçmiş əməkdaşları Vadim Qolda, Maksim Petrov və Dmitri Şabanovun, eləcə də milli mənsubiyyətlərinə görə Rusiya və Ukraynanın işğal olunmuş ərazilərində saxlanılan minlərlə ukraynalı mülki şəxsin vəziyyətinə diqqət çəkilib.

Bəyanat müəllifləri Belarusda hakimiyyət əleyhdarlarını müdafiə etdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılan və bu yaxınlarda siyasi motivli ittihamlarla üç il həbsə məhkum edilən vəkil Dmitri Layevskini də xatırladıblar.

Gürcüstanda hökumət əleyhinə etirazlar və media azadlığına təzyiqlər fonunda həbs edilən müstəqil jurnalist Mziya Amaqlobeli, eləcə də AİHM-in dərhal azad edilməsi barədə üç qərarına baxmayaraq, Türkiyədə həbsdə saxlanılan Osman Kavala da bəyanatda adı çəkilən şəxslər arasındadır.

Rojhan və Koen siyasi məhbusların azad edilməsinin siyasi və ya iqtisadi güzəştlər əldə etmək üçün sövdələşmə vasitəsinə çevrilməməli olduğunu vurğulayıblar.

“Həbs edilən hər bir şəxsin azadlığa buraxılması müsbət haldır. Lakin özbaşına həbslər siyasi və ya iqtisadi güzəştlər əldə etmək vasitəsinə çevrilməməlidir. Bu, həmin əməllərə görə məsuliyyət daşıyan hakimiyyət orqanları və şəxslər üçün utancvericidir. Ədalətsiz həbs olunanların azad edilməsi bir öhdəlikdir, onların həbsinə səbəb olan qanunsuz təcrübələri mükafatlandıran sövdələşmə vasitəsi deyil”, – bəyanatda deyilir.

Nümayəndələr fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs olunan bütün şəxslərin azadlığı üçün səylərini davam etdirəcəklərini bildiriblər.

“Onlar müdafiə etdikləri dəyərlərə görə təqib olunmaq qorxusu olmadan, azad şəkildə evlərinə qayıdanadək adları beynəlxalq gündəmdə saxlanılmalıdır”, – birgə bəyanatda vurğulanıb.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var.

Azərbaycan hökuməti isə ölkədə insanların peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilməsi barədə iddiaları qəbul etmir. Rəsmilər bildirirlər ki, siyasi məhbus siyahılarında adları çəkilən şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha