40 azad edilmiş əsirin yenidən əsir alınması
Fərqli baxışın verdiyi xəbərə görə, İvritdilli “Yisrael Hayom” qəzeti bu gün xəbər verib ki, işğalçı İsrail qüvvələri son iki il ərzində Qərb sahilində, o cümlədən Qüdsdə, “ Əl-Əqsa Tufanı” əsir mübadiləsi razılaşmaları ilə azad edilmiş təxminən 700 əsirdən 40 nəfərini ya şəhid edib, ya da yenidən həbsə alıb.
Qəzet yazır ki, müqavimət fəaliyyətinə qayıdanların sayı bundan daha çoxdur və bəziləri hələ həbs olunmayıb.
Hesabat vurğulayır ki, bu statistika yalnız Qərb sahilinə aiddir və azadlıqdan sonra Qəzzəyə və ya başqa ölkələrə göndərilən yüzlərlə əsiri əhatə etmir.
Qəzetin məlumatına görə, işğalçı rejimin daxili təhlükəsizlik qurumu (Şabak) hesab edir ki, azad edilənlərin çoxu müqavimətə qayıdıb və ya qayıdacaq. Şabakın detallı rəqəmlərinə əsasən, 2011-ci ildəki Gilad Şalit mübadiləsi ilə azad edilən 1027 əsirin 82 faizi müxtəlif formalarda – maliyyə dəstəyi, logistik yardım və ya əməliyyat iştirakçılığı ilə – müqavimətə dönüb.
Həmin mübadilədən azad edilənlərin 12 faizi isə Qərb sahilində və Qüdsdə əməliyyatlar həyata keçirib. Hesabat şəhid Yəhya Sinvarın adını da çəkir və qeyd edir ki, o – Şalit mübadiləsinin ən tanınmış azad edilənlərindən biri – Rafahda son müharibə zamanı şəhid olub.
“Yisrael Hayom” həmçinin “Əl-Əqsa Tufanı” əməliyyatı və üç mübadilə razılaşmasından sonra işğalçı rejim daxilində əsirlərin azadlıqdan sonra hara göndərilməsi ilə bağlı geniş müzakirələrə işarə edir. Bəzi təhlükəsizlik qurumları tanınmış əsirlərin Qərb sahilinə göndərilməsini təklif etmişdi ki, onları nəzarətdə saxlamaq və yenidən həbs etmək asan olsun. Lakin siyasi qərar nəticəsində onlar Qəzzəyə və ya başqa yerlərə göndərildi ki, guya Qərb sahilindəki məskunlaşanların təhlükəsizliyi riskə düşməsin.
Fərqli baxış

