Azərbaycanda “Milliön” ödəniş terminalları vasitəsilə 500 manatdan artıq ödəniş və pul köçürməsi etmək istəyən şəxslərdən şəxsiyyətlərini rəqəmsal qaydada təsdiqləmək tələb olunur. Oxşar qayda noyabrın 16-dan “Expresspay” terminallarında da tətbiq edilir.
Yeni qaydaya əsasən, “Milliön” istifadəçiləri şəxsiyyətlərini “Bir ID”, SİMA və ya “MyGov” platformaları vasitəsilə təsdiqləməlidirlər. “Bir ID” ilə təsdiqləmə “Birbank” tətbiqi üzərindən də mümkündür.
Bunun üçün istifadəçi terminalda müvafiq xidməti seçərək ödəniş məbləğini daxil etməlidir. Məbləğ 500 manatı keçdikdə ekranda şəxsiyyətin təsdiqlənməsi üçün seçimlər görünəcək. İstifadəçi platformalardan birini seçdikdən sonra terminalın ekranında QR-kod yaranacaq. Həmin kod mobil tətbiqlə oxudularaq şəxsiyyət təsdiqlənəcək. Yalnız bundan sonra ödənişi həyata keçirmək mümkün olacaq.
“Expresspay”ın açıqlamasına görə, yeni tələb Azərbaycan Mərkəzi Bankının göstərişinə uyğun tətbiq edilir. Şirkət bildirir ki, məqsəd nağd ödənişlərin şəffaflığını artırmaq və maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin etməkdir.
“Expresspay” terminallarında təsdiqləmə SİMA İmza vasitəsilə aparılır. Şirkətin məlumatına görə, tələb bir əməliyyat üzrə 500 manatdan artıq ödənişlərə aiddir. 500 manat və daha az məbləğdə ödənişlər üçün əlavə təsdiqləmə tələb olunmur.
Bununla belə, Mərkəzi Bankın 500 manat həddini müəyyən edən konkret normativ sənədinin nömrəsi və tarixi ictimaiyyətə açıqlanmayıb. İstifadəçilərdən əldə olunan şəxsi məlumatların hansı müddətdə saxlanılacağı və onlara kimlərin çıxış əldə edə biləcəyi də aydın deyil.
İqtisadçı Günay Hüseynova “AzPolitika”ya açıqlamasında bildirib ki, yeni qayda maliyyə əməliyyatlarında şəffaflığı artıra, dələduzluq və qanunsuz pul dövriyyəsi risklərini azalda bilər. Lakin ekspert hesab edir ki, təhlükəsizlik tədbirləri vətəndaşların ödəniş imkanlarını məhdudlaşdırmamalıdır.
“500 manat hər bir halda qeyri-adi və ya şübhəli maliyyə əməliyyatı sayılacaq məbləğ deyil”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, smartfonu və internetə çıxışı olmayan, eləcə də rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslər üçün alternativ təsdiqləmə imkanları yaradılmalıdır. O, həmçinin vətəndaşların şəxsi məlumatlarının necə qorunacağının aydın izah edilməsini vacib sayır.
Avqustun 1-dən Azərbaycanda bank kartlarına və elektron pul hesablarına vəsaitin daxil olması üzrə də limitlər tətbiq edilir. Azərbaycan Banklar Assosiasiyasının məlumatına əsasən, bir ödəniş aləti üzrə gündəlik maksimum beş mədaxil əməliyyatı və aylıq 20 min manatlıq baza limiti müəyyənləşdirilib. Qurum həmin vaxt bu addımı maliyyə xidmətlərindən sui-istifadə risklərinin azaldılması ilə əsaslandırmışdı.

