Tramp ortaya 21 bəndlik plan atıb. Kağız üzərində baxanda sanki Qəzzəni cənnətə çevirmək istəyir: müharibə dayansın, girovlar azad edilsin, humanitar yardım gəlsin, yollar, xəstəxanalar bərpa olunsun və s. Hətta “İsrail Qəzzəni işğal etməyəcək” kimi qulağa xoş gələn bəndlər də var. İlk baxışdan hər şey “sülh dolu” görünür. 🇵🇸
Amma gəlin açıq danışaq! Bu planın ürəyində gizlədilən ən böyük tələ HƏMAS-ın silahsızlandırılmasıdır. Baxın, 6-cı və 13-cü bəndlərdə açıq-aşkar deyilir: “HƏMAS sülh şəraitində yaşayacaq və silahı təhvil verəcək, Qəzzənin demilitarizasiyası beynəlxalq nəzarətlə həyata keçiriləcək”. Yəni əvvəlcə silahı al, sonra “söz ver ki, səni qoruyacağıq”. Bəs kim qoruyacaq? Kimə inanmaq olar?
Bu sülhməramlı qüvvələr məsələsi də maraqlıdır. Əgər doğrudan da Qəzzəni İsrail hücumlarından qoruyacaq gücə malik olsalar, istəməyənin gözü çıxsın. Amma əgər SFOR tipli gözəgörünməz qüvvələr gətirilsə, o zaman nəticə bəllidir: əvvəl HƏMAS-ın əlindən silah alınacaq, sonra Qəzzə xalqı yenə İsrailin mərhəmətinə buraxılacaq.
Tramp kağız üzərində sanki Qəzzənin dərdini çəkir. Amma unutmayaq, bu planın Netanyahu tərəfindən qəbul edilməsi təsadüfi deyil. Çünki Netanyahu yaxşı bilir ki, ilk fürsətdə şərtləri məhz özü pozacaq. Onda dünya yenə “Həmas müqaviləni pozmadı, İsrail pozdu” deməyəcəkmi? Bəlkə də, HƏMAS üçün bu planda gizli fürsət elə budur.
Sadə dildə desək, bu plan balıq tutmaq üçün tor kimidir. Balıq da Qəzzədir. Bir tərəfdən xalqı humanitar yardımla aldadırlar, digər tərəfdən müqavimətin əlini silahsız qoymaq istəyirlər.
Bu gün Qəzzənin dərdi kağız planlarda deyil, real güc balansındadır. Əgər beynəlxalq qüvvələr həqiqətən Qəzzəni İsrailin bombardmanından qorumağa hazırdırlarsa, buyursunlar. Yox, əgər məqsəd sadəcə HƏMAS-ı silahsız qoymaqdırsa, bu planın adı sülh yox, aldatmadır.
Sakit Məna
Təhlil şöbəsi

