Azərbaycan

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

admin info

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? Azenco məhkəməsində diqqətçəkən iddia

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco” ASC-nin keçmiş rəhbəri Vüqar Əliyevin 3 milyon 700 min manatlıq mənimsəmə ittihamı üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə şirkətin hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev şahid qismində ifadə verib.

Məhkəmədə səsləndirilən açıqlamalar arasında 15 min manatlıq gül alışına dair məlumat və “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin şirkətdəki rolu ilə bağlı iddialar xüsusi diqqət çəkib.

Azenco şirkətində 15 min manatlıq gül alışına görə mübahisə

Pərviz Hacıyev ifadəsində bildirib ki, şirkətin gündəlik maliyyə hesabatlarını yoxlayarkən bir gün ərzində gül mağazasından 15 min manatlıq gül alındığını aşkarlayıb.

Onun sözlərinə görə, bu barədə Vüqar Əliyevə şifahi xəbərdarlıq edib. Lakin sabiq rəhbər həmin xərclə bağlı izahat verərək bunun Energetiklər Günü münasibətilə hədiyyələrin alınması üçün edildiyini bildirib.

Məhkəmədə isə güllərin konkret olaraq kimə və ya kimlərə göndərildiyi açıqlanmayıb.

Etibar Pirverdiyevin Azenco şirkətindəki rolu barədə nə deyilib?

Təqsirləndirilən Vüqar Əliyev öz növbəsində qanunsuzluğa yol vermədiyini və ona hər hansı rəsmi və ya şifahi xəbərdarlıq edilmədiyini bildirib.

O, şirkətdə əsas qərarların və xarici tərəfdaşlarla aparılan müzakirələrin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin nəzarəti altında həyata keçirildiyini iddia edib. Vüqar Əliyev və digər şəxslərin Etibar Pirverdiyevi şirkətdə “şef” adlandırdıqları da məhkəmədə səsləndirilib.

Müdafiə tərəfi Etibar Pirverdiyevin “Azenco”da məsləhətçi kimi çalışdığını və aylıq 55 min manat əməkhaqqı aldığını iddia edib.

Vəkil Nurlan Məmmədov bu məbləğə diqqət çəkərək bildirib:

“Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib və 55 min manat əməkhaqqı alıb. Heç adi bir məsləhətçi bu qədər yüksək maaş alar?”

Müdafiə tərəfinin Etibar Pirverdiyevin rolu və “Nur” MMC ilə bağlı ünvanladığı bəzi suallar dövlət ittihamçısının etirazından sonra məhkəmə protokolundan çıxarılıb və cavablandırılmayıb.

Özbəkistan layihəsi üzrə müqavilənin məbləği azaldılıb

Şahid Pərviz Hacıyev ifadəsində “Azenco”nun Özbəkistandakı tərəfdaşlarla həyata keçirməyi planlaşdırdığı layihə barədə də danışıb.

Onun sözlərinə görə, ilkin mərhələdə 16 milyon manatlıq müqavilə bağlanması nəzərdə tutulub. Lakin Vüqar Əliyev sonradan müqavilə məbləğini əvvəlcə 14 milyon manata, daha sonra isə 8 milyon manata endirib.

Pərviz Hacıyev bildirib ki, bunun səbəbi kimi Özbəkistan şirkətinin maliyyə imkanlarının məhdud olması göstərilib. Şahidin sözlərinə görə, layihədən əldə olunan qazanc 3 milyon manat təşkil edib.

O, həmçinin Sinqapurda yerləşən hər hansı şirkətlə tender müqaviləsi bağlanmasından xəbərsiz olduğunu deyib.

Vüqar Əliyevin həbs qətimkan tədbirinin dəyişdirilməsi istəyi təmin edilməyib

Məhkəmə iclasında Vüqar Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə də baxılıb.

Müdafiə tərəfi təqsirləndirilən şəxsin beş azyaşlı uşağının olduğunu və şahidlərə təsir göstərməsi ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Xatırladaq ki, Vüqar Əliyev təxminən bir il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Həmin maddənin sanksiyasında 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Növbəti məhkəmə iclasının noyabrın 16-da keçirilməsi və şahidlərin dindirilməsinin davam etdirilməsi gözlənilir.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha