2027-ci il yanvarın 1-dən Azərbaycanda ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter, noutbuk və planşetlərin sayı və növü, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. Lakin bu məlumatların konkret hansı məqsədlə istifadə ediləcəyi və onlara hansı qurumların çıxışının olacağı tam aydın deyil.
Yenilik Dövlət Statistika Komitəsinin (DSK) oktyabrın 13-də qəbul etdiyi qərarda əksini tapıb. Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, ev təsərrüfatında kompüter, noutbuk və ya planşet varsa, onların növü və sayı ayrıca göstəriləcək. Bu, mənzildəki bütün elektron cihazların qeydiyyata alınması demək deyil. Sənəddə cihazların markasının, modelinin, seriya nömrəsinin və ya yaddaşındakı məlumatların toplanması nəzərdə tutulmur.
Eyni zamanda, evlərin internetə çıxışının olub-olmaması və hansı üsulla təmin edildiyi qeydə alınacaq. Telefon xətti, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulma sabit, mobil telefon, məlumat kartı və USB modem vasitəsilə qoşulma isə simsiz internet bağlantısı hesab ediləcək.
Uçotu kim və necə aparacaq?
Bu, tamamilə yeni qeydiyyat sistemi deyil. Ev təsərrüfatlarının illik uçotu Nazirlər Kabinetinin 2024-cü il mayın 22-də qəbul etdiyi 273 nömrəli qərarla tənzimlənir.
Qaydalara görə, uçotu yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri aparır.
Hər il yanvarın 1-dən 30-dək ev təsərrüfatlarına baş çəkilməli, təsərrüfat başçısı və ya onun fəaliyyət qabiliyyətli digər üzvü sorğu edilməlidir.
Məlumatlar yanvarın 1-nə olan vəziyyətə uyğun toplanır. Bu, o deməkdir ki, həmin tarixdən sonra yeni kompüter və ya planşet alan vətəndaşın alış barədə ayrıca məlumat vermək öhdəliyi yoxdur.
Uçot təkcə elektron cihazları əhatə etmir. Sənədlərə əsasən, ev təsərrüfatlarının üzvlərinin adları, fərdi identifikasiya nömrələri, doğum tarixləri, vətəndaşlığı, milliyyəti, təhsili, məşğulluq vəziyyəti, sosial ödənişləri və əlilliyi barədə məlumatlar da toplanır.
Bundan başqa, mənzilin sahəsi, otaqların sayı, kommunal şəraiti, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, torpaq sahələri, əkinlər, mal-qara, quşlar və arı ailələri də uçotun əhatəsinə daxildir.
Toplanan məlumatlar elektron sistemə daxil edilir. Yerli icra hakimiyyəti nümayəndəlikləri hər il fevralın 10-dək ev təsərrüfatlarının və onların üzvlərinin sayı barədə bələdiyyələrə və statistika orqanlarına məlumat verməlidir.
Dövlət Statistika Komitəsi bu məlumatları əvvəllər də toplayıb
Əslində, Dövlət Statistika Komitəsi ev təsərrüfatlarında kompüterlərin mövcudluğu, internetə çıxış və texnologiyalardan istifadə ilə bağlı statistik məlumatları artıq uzun illərdir dərc edir.
Komitənin 2026-cı ilin avqustunda yayımladığı “Azərbaycanda rəqəmsal inkişaf” statistik məcmuəsində 2021–2025-ci illər üzrə kompüterlərdən və internetdən istifadə, rəqəmsal bacarıqlar və digər göstəricilər əks olunub.
DSK-nın məlumatlarına əsasən, kompüteri olan ev təsərrüfatlarının xüsusi çəkisi 2015-ci ildəki 62,4 faizdən 2023-cü ildə 76,8 faizə yüksəlib.
Komitənin 2025-ci il üzrə açıqladığı bölgüdə ev təsərrüfatlarında olan kompüterlərin 43 faizi portativ kompüterlərin, 19,5 faizi masaüstü kompüterlərin, 37,5 faizi isə planşet və oxşar qurğuların payına düşüb.
Beləliklə, dövlət qurumları bu göstəricilərə dair statistik məlumatları əvvəllər də əldə ediblər. Yeni uçot mexanizminin mövcud məlumat toplama üsullarından nə ilə fərqlənəcəyi və hansı əlavə məqsədlərə xidmət edəcəyi isə ayrıca izah olunmayıb.
Şəxsi məlumatların qorunması ilə bağlı suallar
Yeni qaydalar sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Bəzi təhlilçilər dəyişiklikləri əhali üzərində nəzarətin gücləndirilməsi kimi qiymətləndirir. Digərləri isə bunu mövcud statistik uçotun genişləndirilməsi hesab edir.
Müzakirələrdə əsas suallardan biri məlumatların hansı məqsədlə istifadə ediləcəyi və onların məxfiliyinin necə qorunacağıdır.
Uçot qaydalarının özündə fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və ötürülməsinin “Fərdi məlumatlar haqqında” qanuna uyğun həyata keçirilməli olduğu bildirilir.
Qaydalarda uçot aparan əməkdaşlara mənzillərə məcburi daxil olmaq və elektron cihazların içindəki məlumatları yoxlamaq səlahiyyəti də verilmir.
Azərbaycan Konstitusiyasının 33-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsinə zidd şəkildə evə daxil olmaq qadağandır.
Bununla yanaşı, uçot sənədlərində əks olunan ümumi məlumatlardan yalnız statistika üçün deyil, əhalinin sosial və demoqrafik tərkibinin öyrənilməsi, seçkilərdə və referendumlarda iştirak hüququ olan şəxslərin siyahılarının müəyyənləşdirilməsi kimi inzibati məqsədlərlə də istifadə nəzərdə tutulur.
Bəzi eksperlərin fikrincə, elektron cihazlar barədə məlumatların toplanmasında əsas məqsəd ölkənin rəqəmsal inkişaf səviyyəsini öyrənməkdir. Onların sözlərinə görə, bu məlumatlar regionlar və sosial qruplar arasında kompüter və internetə çıxış imkanlarındakı fərqləri müəyyənləşdirməyə kömək edə bilər.
İqtisadçılar hesab edirlər ki, belə statistik məlumatlar beynəlxalq hesabatların hazırlanması, internet infrastrukturu zəif olan ərazilərin müəyyən edilməsi və həmin ərazilərə investisiyaların yönəldilməsi üçün əhəmiyyətlidir.
Bununla belə, ekspertlər vətəndaşların narahatlığını da əsaslı hesab edirlər. Onların fikrincə, toplanan məlumatlara hansı dövlət qurumlarının çıxış əldə edəcəyi, məlumatların ayrı-ayrı ailələr üzrə saxlanılacağı, yoxsa anonim statistik göstəricilərə çevriləcəyi aydınlaşdırılmalıdır.
Ekspertlər həmçinin məlumatların üçüncü şəxslərə ötürülməsinin qarşısını alacaq mexanizmlərin ictimaiyyətə izah edilməsini vacib sayırlar.
Məmurların əmlakı da eyni qaydada uçota alınacaqmı?
Müzakirələrdə qaldırılan başqa bir məsələ uçotun bütün ev təsərrüfatlarına eyni qaydada tətbiq edilib-edilməyəcəyidir.
Bəzi təhlilçilər vəzifəli şəxslərin əmlakı və ev təsərrüfatlarının uçotunda da şəffaflığın təmin olunub-olunmayacağını sual edirlər.
Digər suallar isə məşğulluq göstəricilərinin dəqiqliyi ilə bağlıdır.
Yeni uçot formalarında şəxslərin məşğulluq statusunun və çalışdığı fəaliyyət sahəsinin göstərilməsi nəzərdə tutulur. Tələbələr, pensiyaçılar, ev işləri və ailə üzvlərinə qulluqla məşğul olanlar kimi iqtisadi cəhətdən qeyri-fəal qruplar da ayrıca qeydə alınacaq.
Bəzi təhlilçilər əvvəlki siyahıyaalma proseslərində məşğulluq vəziyyətinin formal araşdırıldığını bildirərək, yeni uçotun ölkədə faktiki işsizliyin miqyasını nə dərəcədə əks etdirəcəyinə şübhə edirlər.
Dəyişikliklərin praktikada necə tətbiq olunacağı 2027-ci ilin yanvarından sonra məlum olacaq.

