Azərbaycan

Azərbaycanda fermerlərin vergi güzəştləri azaldılır: İqtisadçılar hansı riskləri görürlər?

admin info

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının dəyişdirilməsi təklif olunur.

Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən fermerlər üçün uzun illərdir tətbiq olunan 100 faizlik vergi azadolması ləğv edilərək beş il müddətinə 90 faizlik güzəştlə əvəz olunacaq.

Bu, kənd təsərrüfatı istehsalçılarının gəlir və ya mənfəətinin 90 faizinin vergidən azad qalması, qalan 10 faizinin isə ümumi qaydada vergiyə cəlb edilməsi deməkdir.

Noyabrın 6-da Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dəyişikliklər aqrar sektorda uçotun genişləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, yeni güzəştlərdən istifadə etmək üçün fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olmalı, əldə etdikləri gəlir və mənfəəti vergi bəyannamələrində göstərməlidirlər.

“Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq”, – deyə Orxan Nəzərli bildirib.

Dövlət Vergi Xidmətinin hesablamalarına görə, aqrar sektora aid vergi dəyişiklikləri nəticəsində 2027-ci ildə büdcəyə 14,1 milyon manat əlavə gəlirin daxil olması proqnozlaşdırılır. Bunun 7,7 milyon manatının mənfəət, 5 milyon manatının gəlir vergisindən, qalan 1,4 milyon manatının isə digər güzəştlərlə bağlı dəyişikliklərdən əldə olunacağı gözlənilir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da yeni mexanizmin məqsədinin fermer təsərrüfatlarının və ilkin emal müəssisələrinin elektron sistemdə qeydiyyatını, məhsul və gəlirlərin daha dolğun bəyan edilməsini təmin etmək olduğunu deyib.

İqtisadçılar kiçik fermerlər üçün əlavə çətinliklərin yarana biləcəyini bildirirlər

İqtisadçı Akif Nəsirli mətbuata açıqlamasında bildirib ki, vergi azadolmasının 100 faizdən 90 faizə endirilməsi fermerlər üçün müəyyən vergi öhdəliyi yaradacaq. Lakin onun fikrincə, əsas problem verginin məbləğindən daha çox yeni uçot və hesabat tələbləri ilə bağlıdır.

“Bu dəyişiklikdən daha çox kiçik fermerlər təsirlənə bilər”, – deyən iqtisadçı qeyd edib ki, onların bir hissəsinin mühasibatlıq və vergi hesabatlılığı sahəsində təcrübəsi, yaxud bu xidmətlərə vəsait ayırmaq imkanı yoxdur.

Akif Nəsirli hesab edir ki, yeni qaydalar tətbiq olunarkən kiçik təsərrüfatlar üçün sadələşdirilmiş hesabat mexanizmi yaradılmalı, elektron qeydiyyat və bəyannamələrin təqdim olunması ilə bağlı maarifləndirmə aparılmalıdır.

İqtisadçının fikrincə, vergi güzəştlərinin azaldılması ərzaq qiymətlərinə müəyyən təsir göstərə bilər. Ancaq bunu ciddi bahalaşmanın əsas səbəbi kimi qiymətləndirmək düzgün olmaz. O bildirir ki, kənd təsərrüfatında məhsulun maya dəyərinə daha çox toxum, gübrə, yanacaq, suvarma, texnika və daşınma xərcləri təsir edir.

Neft gəlirləri azalır, hökumət qeyri-neft sektorundan daha çox vergi toplamağı planlaşdırır

Kənd təsərrüfatında vergi güzəştlərinin azaldılması hökumətin 2027-ci il üçün nəzərdə tutduğu daha geniş büdcə-vergi siyasəti fonunda baş verir.

Milli Məclisə təqdim olunmuş büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Büdcə kəsirinin 3 milyard 146 milyon manat olacağı gözlənilir.

Dövlət Neft Fondundan büdcəyə transfertin 11,9 milyard manata endirilməsi nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 935 milyon manat azdır.

Bununla yanaşı, Dövlət Vergi Xidməti xətti ilə büdcəyə 18 milyard 430 milyon manat vəsaitin daxil olması gözlənilir. Bu məbləğ 2026-cı ilin təsdiqlənmiş planından 1 milyard 520 milyon manat və ya 9 faiz çoxdur.

Proqnozlaşdırılan vergi daxilolmalarının 80,6 faizinin – 14 milyard 850 milyon manatının qeyri-neft-qaz sektorundan əldə olunması planlaşdırılır.

Maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələri zamanı bildirib ki, hökumətin əsas məqsədlərindən biri neftdən asılılığı azaltmaq və qeyri-neft gəlirlərini artırmaqdır.

Lakin müstəqil iqtisadçılar vergi daxilolmalarının artırılmasının özlüyündə iqtisadi inkişaf demək olmadığını vurğulayırlar.

“Azadlıq Radiosu”na danışan iqtisadçı Toğrul Vəliyev hesab edir ki, neft gəlirlərinin payı azaldıqca hökumət büdcəni formalaşdırmaq üçün yeni mənbələr axtarır. Lakin onun fikrincə, tətbiq edilən əlavə vergilər büdcənin artan xərclərini qarşılamaq üçün kifayət etmir.

“Yəni hərəsi 3, 4, 5, 6, lap 100 milyon manat gətirə bilər, amma büdcənin xərclərini təmin etməyə yetmir”, – deyə iqtisadçı bildirib.

Vəliyevin fikrincə, yeni vergilər iqtisadi fəallığı artırmaqdan daha çox büdcə gəlirlərinin azalmasını və xərclərin artmasını kompensasiya etməyə yönəlib.

O hesab edir ki, iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün yalnız vergi bazasını genişləndirmək kifayət deyil. Təhsil, səhiyyə və digər sahələrə uzunmüddətli investisiyalar yatırılmalı, yeni iqtisadi fəaliyyət imkanları yaradılmalıdır.

İqtisadçının sözlərinə görə, bu cür investisiyaların nəticəsi uzun müddətdən sonra görünür, hökumət isə qısa zamanda effekt əldə etməyə çalışır.

İqtisadi artım zəif olaraq qalır

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artım deməkdir.

Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə artım isə cəmi 1,1 faiz olub.

2027-ci il büdcəsi ilə bağlı hesablamalarda neftin bir barelinin orta qiyməti 65 dollar götürülüb. Hökumət növbəti illərdə Dövlət Neft Fondundan transfertləri mərhələli şəkildə azaltmağı və qeyri-neft sektorundan büdcə daxilolmalarını artırmağı planlaşdırır.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha