Beynəlxalq insan hüquqları təşkilatı “Human Rights Watch” (HRW) Azərbaycanda hicablı qızların məktəblərə buraxılmamasını təhsil və dini etiqad azadlığına müdaxilə kimi qiymətləndirib. Təşkilat Azərbaycan hakimiyyətini şagird və müəllimlərin təhsil müəssisələrinə buraxılmasını təmin etməyə, hicab məhdudiyyətlərinə dinc etiraz etdikləri üçün saxlanılanları azad etməyə çağırıb.
Bu barədə HRW-nin oktyabrın 27-də yayımladığı bəyanatda bildirilib.
Təşkilat qeyd edib ki, Azərbaycanda məktəbli və müəllimlərin geyimi ilə bağlı yeni qaydaların tətbiqindən sonra hicablı qızların dərslərə buraxılmaması ölkə üzrə etirazlara səbəb olub. Etirazlar zamanı onlarla insan saxlanılıb, sosial şəbəkələrdə məhdudiyyətləri tənqid edən istifadəçilər isə “Instagram” və “TikTok” platformalarına girişdə problemlərlə üzləşdiklərini bildiriblər.
HRW xatırladıb ki, Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi ilə bağlı qaydalara dəyişiklik edərək “dünyəvi təhsil prinsipinə uyğun olmayan” geyim elementlərini qadağan edib.
Qərarda hicab birbaşa qeyd olunmasa da, oktyabrın 12-dən etibarən bəzi məktəblərdə baş örtüyü taxan qızların dərslərə buraxılmamasına başlanılıb. Mediada yayılan görüntülərdə məktəbə buraxılmayan qızların ağladığı və etiraz etdiyi əks olunub.
Oktyabrın 6-da qəbul edilən ayrıca qərarla müəllimlərin geyiminə də yeni tələblər müəyyənləşdirilib.
Təşkilat hicab məhdudiyyətlərinə qarşı etirazların kütləvi saxlanılmalarla müşayiət olunduğuna diqqət çəkib.
Daxili İşlər Nazirliyi oktyabrın 12-də Bakıda ictimai asayişi pozmaqda ittiham olunan 37 nəfərin saxlanıldığını açıqlayıb. Lakin müstəqil media həmin gün axşam saatlarında paytaxtın mərkəzi metro stansiyalarından birinin yaxınlığında 200-dən çox insanın saxlanıldığını bildirib.
HRW-nin məlumatına görə, fəallar Nardaran qəsəbəsində də 88 nəfərin saxlanıldığını, onların bir çoxu barəsində cinayət işləri açıldığını bildiriblər.
Bəyanatda hicab məhdudiyyətlərini sosial şəbəkələrdə tənqid edən şəxslərin də həbslərlə üzləşdiyi vurğulanıb.
Təşkilat buna nümunə kimi ictimai fəal İlkin Hüseynovun saxlanılmasını göstərib.
İlkin Hüseynov oktyabrın 13-də məktəbə buraxılmayan qızlara könüllü müəllimlərin dərs keçməsini nəzərdə tutan “Leylini qoy məktəbə getsin” təşəbbüsünü başladıb. Ertəsi gün, oktyabrın 14-də naməlum şəxslərin onu evindən apardığı bildirilib.
Daha sonra fəal polis əməkdaşının qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
HRW Naxçıvanda bir nəfərin hicab məhdudiyyətləri ilə bağlı “TikTok” paylaşımına görə 25 sutka inzibati həbs cəzası alması barədə məlumatı da xatırladıb.
Təşkilatın bəyanatında oktyabrın 12-də Azərbaycanda “Instagram” və “TikTok” istifadəçilərinin platformalara girişdə çətinliklərlə üzləşdiyi, bəzilərinin isə yalnız VPN vasitəsilə sosial şəbəkələrə daxil ola bildiyi qeyd olunub.
HRW hesab edir ki, qızların dini baş örtüyü taxdıqlarına görə məktəblərə buraxılmaması onların təhsil və din, yaxud etiqad azadlığı hüquqlarına müdaxilədir və ayrı-seçkiliklə bağlı ciddi narahatlıqlar yaradır.
Təşkilat vurğulayıb ki, hökumətlər məktəb geyimini tənzimləyə bilərlər. Lakin bu cür məhdudiyyətlər qanuni, zəruri, mütənasib olmalı və ayrı-seçkiliyə yol verməməlidir.
“Azərbaycan qızların təhsil almaq imkanından məhrum edilməsinə haqq qazandırmaq üçün dünyəvi təhsil prinsipindən istifadə etməməlidir”, – deyə bəyanatda bildirilib.
HRW Azərbaycan hakimiyyətinə çağırış edərək hicablı şagird və müəllimlərin məktəblərə buraxılmasının dərhal təmin olunmasını tələb edib.
Təşkilat həmçinin yalnız məhdudiyyətlərə dinc etiraz etdiklərinə və ya onları tənqid etdiklərinə görə saxlanılan şəxslərin azad olunmasını, həbsdə olanların vəkillə təmin edilməsini və sosial şəbəkələrə girişə müdaxilə edilməsi barədə məlumatların araşdırılmasını istəyib.

