Azərbaycanda 2027-ci ildə yaşayış minimumunun ölkə üzrə cəmi 14 manat artırılması nəzərdə tutulur. Beləliklə, aylıq yaşayış minimumu 300 manatdan 314 manata qalxacaq. Bu, təxminən 4,6 faizlik artım deməkdir.
Dəyişiklik “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə görə, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat olacaq. Bu, indiki göstəricilərlə müqayisədə müvafiq olaraq 17, 13 və 14 manat artım deməkdir.
Nəzərdə tutulan artım 2026-cı ilin ilk doqquz ayında qeydə alınmış rəsmi inflyasiyadan aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5,7 faiz, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə 6,9 faiz bahalaşıb.
İqtisadçı Xalid Kərimli hələ sentyabrın 21-də “Bizim.Media”ya açıqlamasında 2027-ci il üçün yaşayış minimumunun təxminən 317 manat ola biləcəyini bildirmişdi. O, bu proqnozu inflyasiya ilə əlaqələndirmiş, yekun məbləğin minimum istehlak səbətindəki məhsul və xidmətlərin qiymətləri əsasında hesablandığını vurğulamışdı. Hökumətin təklif etdiyi rəqəm iqtisadçının ilkin proqnozundan 3 manat aşağıdır.
İqtisadçı Natiq Cəfərli isə sosial müavinətlərin yaşayış minimumu və ya minimum əməkhaqqına bağlanmasını təklif edib. Onun sözlərinə görə, belə mexanizm qurularsa, həmin göstəricilər artdıqda müavinətlər də avtomatik artırıla bilər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə ehtiyac meyarı ilə yaşayış minimumunun dörd ildir bərabərləşdirilməsini müsbət göstərici adlandırıb.
Layihənin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

