Azərbaycanda ötən il məhkum edilən 13 min 846 nəfərin 41 faizi, yəni 5 min 683 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cəza alıb. Müstəqil hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar isə uzun illərdir bəzi siyasi fəalların, hökumət tənqidçilərinin və dindarların saxta narkotik ittihamları ilə həbs olunduğunu bildirirlər.
Ümumi məhkumların sayı 12,8 faiz azalsa da, 14–17 yaşlı məhkumların sayı 8,1 faiz artıb.
Azərbaycanda 2025-ci ildə 13 min 846 nəfər məhkum olunub. Onların 5 min 683-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cəza alıb. Bu, ümumi məhkumların 41 faizi deməkdir.
Başqa sözlə, ötən il Azərbaycanda məhkum edilmiş hər 10 nəfərdən təxminən 4-ü narkotiklərlə bağlı cinayətlərə görə təqsirli bilinib.
Bu barədə Məhkəmə-Hüquq Şurasının 2025-ci il üzrə illik statistik hesabatında məlumat verilib.
Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə Azərbaycanda 15 min 885 nəfər məhkum edildiyi halda, 2025-ci ildə bu göstərici 13 min 846 nəfərə enib. Beləliklə, bir il ərzində məhkum olunanların sayı 12,8 faiz azalıb.
Məhkum edilənlərin 13 min 179-u kişi, 667-si qadındır. Bu isə məhkumların 95,2 faizinin kişilərdən, 4,8 faizinin qadınlardan ibarət olduğunu göstərir.
Narkotiklərlə bağlı cinayətlər məhkumluq statistikasında ilk yerdədir.
2024-cü ildə bu kateqoriyadan olan cinayətlərə görə 7 min 659 nəfər məhkum edilib. 2025-ci ildə isə onların sayı 5 min 683 nəfərə düşüb. Bir il ərzində 25,8 faizlik azalma qeydə alınmasına baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi məhkumların sayına görə digər cinayət kateqoriyalarını xeyli qabaqlayır.
İkinci yerdə mülkiyyət əleyhinə cinayətlər dayanır. Ötən il bu cinayətlərə görə 3 min 680 nəfər məhkum olunub. Bu, bütün məhkumların 26,6 faizidir. Əvvəlki illə müqayisədə həmin kateqoriya üzrə məhkum edilənlərin sayı 7,3 faiz artıb.
Həyat və sağlamlıq əleyhinə cinayətlərə görə 1 126, ictimai təhlükəsizlik əleyhinə cinayətlərə görə 769, hərbi xidmət əleyhinə cinayətlərə görə isə 664 nəfər məhkum edilib.
İqtisadi fəaliyyət sahəsində cinayətlərə görə 381, korrupsiya və qulluq mənafeyi əleyhinə cinayətlərə görə isə 120 nəfər barəsində ittiham hökmü çıxarılıb.
Ümumi məhkumların sayı azalsa da, yeniyetmələrlə bağlı göstəricidə artım qeydə alınıb.
Rəsmi statistikaya görə, 2025-ci ildə 14–17 yaşlı 308 yeniyetmə məhkum edilib. Onların 298-i oğlan, 10-u qızdır.
2024-cü ildə bu yaş qrupundan olan məhkumların sayı 285 nəfər idi. Beləliklə, bir il ərzində yetkinlik yaşına çatmayan məhkumların sayı 8,1 faiz artıb.
14–17 yaşlılar 2025-ci ildə məhkum edilənlərin təxminən 2,2 faizini təşkil edib.
Hüquq müdafiəçiləri narkotik ittihamlarının siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bildirirlər.
Azərbaycanda narkotik ittihamları ilə bağlı statistika uzun illərdir müstəqil hüquq müdafiəçilərinin və beynəlxalq insan haqları təşkilatlarının gündəmə gətirdiyi başqa bir məsələni də aktuallaşdırır.
Yerli hüquq müdafiəçiləri, eləcə də “Human Rights Watch” və “Amnesty International” kimi beynəlxalq təşkilatlar Azərbaycanda bəzi siyasi fəalların, hökumət tənqidçilərinin və dindarların narkotik ittihamları ilə saxlanıldığını, bu ittihamların bir qisminin siyasi motivli olduğunu bildirirlər.
Onların iddiasına görə, bəzi hallarda narkotik vasitələri saxlanılan şəxslərin üzərinə və ya yaşadıqları evlərə polis əməkdaşları qoyur, daha sonra həmin şəxslərə qarşı cinayət işi başlanır. Hüquq müdafiəçiləri belə ittihamların siyasi və ictimai fəallığı məhdudlaşdırmaq, hökuməti tənqid edən şəxsləri susdurmaq və dini fəaliyyətə görə təzyiq göstərmək məqsədi daşıdığını bildirirlər.
“Human Rights Watch” əvvəlki illərdə yayımladığı hesabatlarda hökumət tənqidçilərinin narkotik ittihamları ilə həbs edilməsi, polisin onların üzərinə narkotik maddələr qoyduğuna dair şikayətlər və saxlanılan fəalların siyasi fəaliyyətləri ilə bağlı sorğu-sual olunması hallarını sənədləşdirib.
“Amnesty International” da müxtəlif illərdə bəzi fəallara qarşı narkotik ittihamlarının saxtalaşdırıldığına dair məlumatlar yayıb.
Dindarların narkotik ittihamları ilə həbs olunması məsələsi də beynəlxalq hesabatlarda yer alıb.
Azərbaycan hakimiyyəti isə siyasi motivli həbslərlə bağlı ittihamları qəbul etmir.
Rəsmi Bakı ölkədə insanların siyasi baxışlarına, ictimai fəaliyyətinə və ya dini etiqadına görə cinayət məsuliyyətinə cəlb olunması barədə iddiaları rədd edir. Rəsmi mövqeyə görə, siyasi məhbus kimi təqdim edilən şəxslər siyasi və ya dini baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunurlar.

