Azərbaycan

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov vəzifəsindən azad edilib, yeni rəis təyin olunub

admin info

Azərbaycan Prezidenti İlham Əliyev ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu vəzifəsindən azad edib. Onun yerinə Sahib Rzayev təyin olunub.

Bu barədə oktyabrın 27-də dövlət başçısı iki sərəncam imzalayıb. Sərəncamlarda Mirsaleh Seyidovun vəzifədən azad edilməsinin səbəbi göstərilmir.

Yeni rəis Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2025-ci ilin yanvarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini, həmin ilin iyulunda isə idarənin rəisi təyin edilib.

Penitensiar Xidmətdə rəhbər dəyişikliyi cəzaçəkmə müəssisələrində saxlanılan siyasi məhbusların, eləcə də digər məhkumların qanunsuzluqlarla bağlı çoxsaylı şikayətləri fonunda baş verib.

Son illər məhbuslar və onların yaxınları həbsxanalarda fiziki və psixoloji zorakılıq, işgəncə, rüşvət tələbi, saxlanma şəraitinin ağırlığı, tibbi yardımın göstərilməməsi və cərimə kameralarında qanunsuz saxlanılma halları barədə dəfələrlə məlumat yayıblar. Bununla bağlı Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa və Ombudsman Aparatına müraciətlər edilib.

Qanunsuzluqlarla bağlı şikayətlər yalnız siyasi məhbuslardan gəlmir. Digər cinayətlərə görə məhkum edilən şəxslər də müəssisələrdə döyülmə, rüşvət və pis saxlanma şəraiti barədə məlumatlar veriblər.

Penitensiar Xidmət isə məhbusların saxlanma şəraiti və onlarla rəftarla bağlı şikayətlərə münasibət bildirərkən onların hüquqlarının qanunvericiliyə uyğun təmin olunduğunu açıqlayıb.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha