DTX: Balakənin keçmiş icra başçısı büdcə vəsaitlərini mənimsəyib
Fərqli baxış xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev barəsində açılmış cinayət işi ilə bağlı rəsmi açıqlama yayıb.
Dekabrın 15-də yayılan məlumatda bildirilir ki, sabiq icra başçısının cinayət əməlləri ifşa olunub.
Açıqlamada qeyd edilir ki, İslam Rzayev vəzifədə olduğu dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslər üçün, eləcə də rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəyib.
Həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi təmin edilməyib, eyni zamanda vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alındığı müəyyən olunub.
DTX tərəfindən icra başçısının rüşvət aldığı iddia olunan videogörüntülər də yayımlanıb. Bildirilir ki, İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Keçmiş icra başçısının irəli sürülən ittihamlara münasibəti hələlik məlum deyil. Qeyd edək ki, 60 yaşlı İslam Rzayev 14 il Balakən rayonuna rəhbərlik edib və oktyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.
Fərqli baxış

