Ustalıqla hədəfdən yayınma – Elbəyi Həsənlidən fərqli baxış
Fərqli Baxış Elbəyi Həsənlinin sosial şəbəkələrdə paylaşdığı son fikirləri diqqətə çəkib.
O, paylaşımında yazır:
> “Ramiz Mehdiyevin çevriliş planına görə Əli Kərimli yenə müxalifət lideri olacaqmış.”
Bu cümlədən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvləri yazıçı Kəramət Böyükçölə qarşı sosial şəbəkələrdə hücuma keçiblər. Fransada mühacir həyatı yaşayan və vaxtilə Əli Kərimlinin müavini olmuş Fuad Qəhrəmanlı məsələyə münasibət bildirərək ittiham xarakterli paylaşım edib. Kəramət Böyükçöl isə buna öz cavabını verib. Ardınca Fuad Qəhrəmanlı növbəti statusla çıxış edib.
Hazırda sosial şəbəkələrdə AXCP tərəfdarları Kəramət Böyükçölə qarşı ardıcıl tənqidlər yazaraq açıq linç kampaniyasına qoşulublar.
Elbəyi Həsənli isə bu prosesə münasibət bildirərək AXCP-ni sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, partiya iqtidarla mübarizə aparmaq əvəzinə, bir yazıçıya qarşı səfərbər olub:
> “AXCP ana müxalifət partiyasıdır. Məntiqlə bu partiya YAP və İlham Əliyevə qarşı mübarizə aparmalıdır. Necə mübarizə apardıqları ortadadır. 30 ildir ki, yerlərində sayırlar. Və diletantlıq səviyyəsində Kəramət Böyükçölü topa tutublar.”
Elbəyi Həsənli qeyd edir ki, Kəramət Böyükçöl siyasi xadim deyil və tənqidə bu qədər aqressiv reaksiya verilməsi qəbulolunmazdır. Onun fikrincə, yazıçının tənqidi fikirlərinə qarşı bu cür münasibət, partiyanın demokratik dəyərlərlə ziddiyyət təşkil edir.
> “Lap tutaq ki, Kəramət həqiqətən də iqtidara işləyir. Bu nəyi dəyişir ki? Özünüzə çəki-düzən verin. Bir az ciddi olun. AXCP-ni lağ obyektinə çevirməyin. Ən azı Elçibəydən ayıbdır.”
Sonda Elbəyi Həsənli AXCP sədri Əli Kərimlini bu linç kampaniyasını dayandırmağa çağırıb.
P.S. Elbəyi Həsənli qeyd edir ki, ReAl Partiyasının sədri İlqar Məmmədovun da məsələyə münasibəti əlavə gərginlik yaradıb.
Fərqli baxış

