Britaniyanın Kralı III Çarlzın kiçik qardaşı, Şahzadə Endryu uzun müddətdir davam edən cinsi istismar qalmaqalları və cinsi cinayətkar Cefri Epşteynlə əlaqəsinə dair iddialar fonunda öz kral titullarından imtina etdiyini açıqlayıb.
Bukinqem Sarayının cümə günü yaydığı bəyanata görə, Endryu bu qərarı Kral III Çarlz və ailə üzvləri ilə məsləhətləşdikdən sonra verib. O bildirib ki, haqqında səslənən ittihamlar “Kralın və kral ailəsinin fəaliyyətindən diqqəti yayındırır”.
Şahzadə Endryu iddiaları “qəti şəkildə rədd etdiyini” desə də, artıq ona verilmiş şərəf və titullardan istifadə etməyəcək. Bununla belə, o, doğulduğu gündən daşıdığı “şahzadə” titulunu saxlamaqda davam edəcək.
Qərar Endryunun Cefri Epşteynlə münasibətlərinə dair artan ictimai təzyiqlər və onun Çin casusluq qalmaqalında adı hallanan bir şəxslə əlaqəsi barədə xəbərlər fonunda verilib.
2019-cu ildə BBC-ə verdiyi müsahibədə Epşteynlə dostluğunu müdafiə etməsi kral ailəsində ciddi narazılıq yaratmış və Kral III Çarlz üçün uzun müddət narahatlıq mənbəyinə çevrilmişdi.
Cefri Epşteyn ABŞ-da uzun illər elita dairələri ilə yaxın münasibətlər qurmaqla tanınıb. O, siyasi, maliyyə və biznes çevrələrində nüfuzlu şəxslərlə əlaqələr saxlayıb. Araşdırmalara görə, Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edir, daha sonra isə o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqlara qarşı cinsi istismar törədirdilər.
Epşteynin adının ABŞ-nın indiki prezidenti Donald Tramp, Bill Klinton, həmçinin bir sıra iş adamları və siyasətçilərlə də hallandığı bildirilir.
Fərqli baxış

